Volkswagen xüsusi seriyadan olan Arteon modelini hazırlayıb - FOTO

28 Yanvar 2020 21:01

Volkswagen şirkəti Arteon modelinin R-Line Edition adlı xüsusi versiyasını təqdim edib. Volkswagen Arteon R-Line Edition modeli adi liftbeklərdən unkal Moonstone Grey rəngi, zəngin avadanlıq siyahısı və 20-düymlük parlaq qara rəngli Rosario təkər diskləri ilə fərqlənəcəkdir. Avropa bazarı üçün nəzərdə tutulmuş Arteon R-Line Edition modeli 250 nüsxəlik məhdud saylı tiraj ilə buraxılacaqdır.

Milli.Az autograph.az-a istinadən bildirir ki, adı çəkilən elementlərlə yanaşı, məhdud saylı Arteon R-Line Edition modeli qismən anti-xrom dəsti, qara rəngli yan güzgülər, dam və spoyler ilə seçiləcəkdir. Modelin standart təchizatına salonun Nappa dərisi ilə tərtibatı, naviqasiya sistemi, qızdırılan ön və arxa oturacaqlar, həmçinin qabaqcıl aktiv təhlükəsizlik sistemləri kompleksi daxildir.

Arteon R-Line Edition seriyasından olan liftbekləri yalnız ən güclü 2,0-litrlik turbomühərriklər və adaptiv şassi ilə sifariş etmək olar. Benzin mühərrikləri 190 və ya 280 at qüvvəli, dizel mühərriki isə 190 və 240 at qüvvəli variantlarda təmsil ediliblər. Bütün güc aqreqatları 7-pilləli DSG "robotu" ilə təchiz ediləcəkdirlər. Ötürmə -  öndən və ya tamçəkişli ola bilər.

Məhdud seriyadan olan VW Arteon R-Line Edition modelinin Almaniyadakı satış qiyməti 56 min avrodan (105,800 manatdan) başlayır. Bu, 245 at qüvvəli mühərrik, quattro ötürməsi və S-Line tərtibat dəsti ilə təchiz edilmiş Audi A5 Sportback modelindən təxminən 3200 avro (6,050 manat) bahadır.

Milli.Az