Mübariz İbrahimovun şücaətindən bəhs edən “Mübariz” adlı operanın premyerası keçiriləcək

16 Yanvar 2020 17:18

Azərbaycan Televiziyası Mədəniyyət kanalının təşkilatçılığı ilə yanvar ayının 17-də, saat 19:00-da Dövlət Təhlükəsizlik Xidmətinin Mədəniyyət Mərkəzində şəhidlərin əziz xatirəsinə ithaf olunan və Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun şücaətindən bəhs edən "Mübariz" adlı  operanın premyerası keçiriləcək.

Librettosu şair Şahin Musaoğluna, musiqisi bəstəkar Nərmin Nağıyevaya məxsus olan tamaşanın quruluşçu rejissoru respublikanın Əməkdar artisti İnarə Babayevadır.  Baş rolda Əməkdar artist Ramil Qasımov, Əməkdar artist Cahangir Qurbanov,Səbinə Ərəbli, Əməkdar artist Tural Ağasiyev, Taleh Yahyayev, Şaban Cəfərov Elçin Əhədzadə, Aydan Həsənova çıxış edəcəklər.

Quruluşçu baletmeyster  Əməkdar artist Ceyhun Qubadov, quruluşçu rəssam Fərid Nəcəfovdur. Tamaşada F. Əmirov adına Əməkdar kollektiv, Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı, Azərbaycan Televiziyası və Radiosunun Cahangir Cahangirov adına xoru (xormeyster Şəhla Ələkbərova) iştirak
edəcəklər.

Yeni layihənin ideya müəllifi, Mədəniyyət kanalının direktoru Ramil Qasımov qeyd etdi ki,"Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikasının ərazisində və ölkəmizin hüdudlarından kənarda 20 Yanvar faciəsinin otuzuncu ildönümünə həsr olunmuş anma mərasimləri keçirilir. Azərbaycan Televiziyası Mədəniyyət kanalı da şəhidlərin əziz xatirəsini anmaq üçün "Mübariz" musiqili tamaşasını hazırlayıb.

Əminik ki, bu əsər klassik musiqi sənətinə dəyərli töhfə olmaqla yanaşı, gənclərdə vətənpərvərlik ruhunun formalaşdırılmasında da mühüm rol oynayacaq. "Mübariz" tamaşası eyni zamanda şəhidlərimizin əziz xatirəsinə əbədi ehtiramın təcəssümüdür...Fürsətdən istifadə edərək,tamaşanın bütün iştirakçılarına təşəkkürümü bildirir, uğurlar arzulayıram".

Milli.Az