“İlk medalını 13 yaşında qazanıb”

16 Yanvar 2020 16:31

Məşhur iqtisadi ekspert Qubad İbadoğlu sosial şəbəkədə bu günlərdə Qazaxıstanın Almatı şəhərində keçirilən 16-cı Beynəlxalq Jautikov Olimpiadasından (IZhO) informatika fənni üzrə qızıl medalla dönən Abutalıb Namazovla bağlı bir neçə maraqlı məqamı paylaşıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, ekspert Abutalıbın onun vaxtilə məzun olduğu Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinfində təhsil aldığını bildirib:

"Abutalıb TOEFL-dan 95, İELTS-dən 7.5, SAT-dən isə 1440 bal toplayıb. SAT testinin riyaziyyat bölməsinin 800 ballıq maksimumunu qazanıb. O, ilk nailiyyətinə 13 yaşında imza atıb, 2016-cı ildə respublika üzrə informatika olimpiadasında bürünc medal qazanıb. 2017-ci respublika üzrə həm riyaziyyat, həm də informatika olimpiadasının qalibi olub, riyaziyyat olimpiadasından bürünc, informatika olimpiadasından isə qızıl medal qazanıb. Elə həmin il ilk dəfə beynəlxalq səviyyədə yarışa qatılıb və ordan da yüksək mükafatla qayıdıb. 

Belə ki, Abutalıb 2017-ci ildə Rusiya Ali İqtisad Məktəbinin (Higher School of Economics) Milli Tədqiqatlar Universitetinin təşkil etdiyi gənc riyaziyyatçılar olimpiadasında 1-ci dərəcəli diplomla təltif olunub. 2018-ci ildə yenidən riyaziyyat və informatika üzrə respublika olimpiadasına qatılan Abutalıb yenə də hər iki yarışın qalibi olub. O, bu dəfə riyaziyyat olimpiadasının gümüş, informatika olimpiadasının təkrarən qızıl medalını qazanıb. 2018-ci ildə həmçinin Avropa Gənclərinin İnformtika Olimpiadasında (European Junior Olympiad in Informatics (EJOI)) bürünc, Balkan Gənclərinin riyaziyyat olimpiadasında (Junior Balkan Mathematical Olympiad-JBMO) gümüş medallarla mükafatlandırılan Abutalıb həmin il bunlardan əlavə Bütün Rusiya komandalarının proqramlarının müsabiqəsində (All-Russian Team Programming Competition for Schoolchildren (ВКОШП in Russian) 3-cü dərəcəli sertifikata layiq görülüb.

Abutalıb ötən il yenidən informatika üzrə respublika olimpiadasının qızıl mükafatçısısı olub.

Həm ölkə, həm də beynəlxalq olimpiadalarda dəfələrlə ali mükafatlar qazanan Abutalın Namazov fövqəlada fitri istedadı, xüsusi qabliyyəti ilə seçilən azsaylı azərbaycan gənclərindəndir".

Qeyd edək ki, Olimpiadadan yeganə qızıl medalla dönən Abutalıb Namazov məşhur jurnalist Şahvələd Çobanoğlunun övladıdır.

Milli.Az