Azərbaycan təbii qaz ixracını 23% artırıb

16 Yanvar 2020 15:23

Ötən il Azərbaycan təbii qazın ixracını 23% artıraraq, 11,6 milyard kubmetrə çatdırıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə SOCAR-ın 2019-cu il üzrə qazma, hasilat və ixrac göstəricilərində xəbər verilib.

Bildirilir ki, SOCAR öz imkanları ilə hasil etdiyi təbii qazın əsas hissəsini daxili bazarın tələbatına yönəldir. İxracın artımı isə beynəlxalq şirkətlər konsorsiumunun istismar etdiyi "Şahdəniz" qaz-kondensat yatağında hasilat səviyyəsinin yüksəlməsi ilə bağlıdır.

2019-cu ildə Azərbaycandan təbii qaz Türkiyə və Gürcüstan bazarlarına ixrac olunub. Türkiyə bazarına ümumilikdə 9,2 milyard kubmetr, o cümlədən, Cənub Qaz Dəhlizi və TANAP vasitəsi ilə 2,8 milyard kubmetr təbii qaz çatdırılıb. Beləliklə, Azərbaycanın ümumi qaz ixracında Türkiyə bazarının payı 79% təşkil edib.

Milli.Az