Elbay Qasımzadə: "Prezident İlham Əliyevin ciddi tələbkarlığı şəhərsalma sahəsində əsaslı dönüş yaratdı" - VİDEO

16 Yanvar 2020 11:45

Son illər Bakı şəhərinin siması büsbütün dəyişib, şəhərsalma və memarlıq prinsipləri müasir əsaslarla təşkil edilib. Bakının bugünkü inkişafı, gündən-günə yenilənməsi və dünyanın ən gözəl şəhərlərindən birinə çevrilməsi şəxsən Prezident İlham Əliyevin adı ilə bağlıdır.

Əgər bir neçə il əvvəl Balaxanı zibilxanası şəhərin havasını çirkləndirirdisə, bu gün artıq həmin acı reallıq tarixdə qalıb. Həmin ərazi təmizlənib və orada müasir poliqon, zavod tikilib. Böyükşor gölünün təmizlənməsi də bu baxımdan çox böyük əhəmiyyət daşıyır. Vaxtilə ekoloji fəlakət zonası olan göl təmizlənib, ərazidə müasir bulvar yaradılıb.

Şəhərin ekoloji baxımından daha bir bərbad vəziyyətdə olan ərazisi - "Qara şəhər"dən də əsər-əlamət qalmayıb. İndi bu ərazidə heyrətamiz "Ağ şəhər" yaradılıb. "Sovetski" adlanan əraziyə gəldikdə, burada yaşayan insanların vəziyyəti çox ağır idi. Bu ərazidəki evlər də dövlət səviyyəsində köçürülərək yerində Bakının simasını tamamilə dəyişən "Mərkəzi park" salındı.

Milli.Az xəbər verir ki, mövzu ilə əlaqədar Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin sədri, Əməkdar memar Elbay Qasımzadə "PREZİDENT. Müstəqillik. Təhlükəsizlik. Rifah" adlı video layihə çərçivəsində Trend-ə bildirib ki, son 10 illik müddətdə şəhərsalma dövlətin sosial siyasətinin ayrılmaz bir hissəsinə çevrilib: "Bu, həqiqətən də elədir. Çünki şəhərsalma ixtisasının qarşısına qoyulan məqsədlər məhz şəhərlərin inkişafı və orada yaşayan insanların həyat tərzinin keyfiyyəti ilə bağlıdır. Bu istiqamətdə böyük işlər görülür. Azərbaycan Prezidenti İlham Əliyev bu sahəyə çox böyük diqqət yetirir və bunların nəticəsidir ki, qısa müddətdə "Sovetski" adlanan yerdə "Mərkəzi park", Böyük şor gölü, "Ağ şəhər" kompleksi yaradılıb.

Biz "Ağ şəhər"in əvvəlki vəziyyətini fotolarda xaricdən gələn qonaqlara göstərdikdə onlar buna inanmırlar. Ağılasığmazdır ki, qısa bir müddətdə həmin ərazidə Bakının yeni və gözəl bir rayonu salınıb. Eyni şəkildə də keçmiş "Sovetski" küçəsində salınan 30 hektarlıq gözəl bir "Mərkəzi park"ı qeyd etmək olar. Bunlar məhz Bakıda yaşayan sakinlərin, buraya gələn qonaqların rahatlığı üçün nəzərdə tutulub.

Sirr deyil ki, əvvəlki illərdə şəhərsalma qaydaları bəzi hallarda kobudcasına pozulur, tarixi keçmişə zidd, heç bir memarlıq tələblərinə uyğun olmayan binalar tikilirdi. Lakin son illər Prezident İlham Əliyevin ciddi tələbkarlığı bu istiqamətdə də əsaslı dönüş yaratdı".

Elbay Qasımzadə vurğulayıb ki, Bakının Baş Planının sənədləri yaxın zamanlarda hazır olacaq: "Cənab Prezident bu şəhərdə doğulmuş, bu şəhərdə böyümüş bir insandır və Bakını bizdən də artıq sevir. Bir dövlət başçısı kimi xalq qarşısında öz məsuliyyətini başa düşür. Ona görə də Prezident bu məsələlərlə bağlı məmurlar qarşısında ciddi tələblər qoyub.

Hazırda Bakının Baş Planı tərtib olunur və bu istiqamətdə işlər gedir. Sənədin gələn ilin ortalarına qədər hazırlanması gözlənilir. Lahiyə hazır olduqdan sonra mütəxəssislərə və sakinlərə təqdim olunacaq ki, müzakirələr aparılsın. Onların da hansısa təklifləri sənədə əlavə ediləcək".

Azərbaycan Memarlar İttifaqının sədri Bakının mərkəzi rayonunun yaradılması barədə verilən tapşırığın hələ də yerinə yetirilməməsi və Prezidentin buna qarşı narazılığının tam haqlı olduğunu vurğulayıb: "Çox sevindiricidir ki, Prezident İlham Əliyev Anar Quliyevi Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri vəzifəsinə təyin olunması ilə əlaqədar qəbul edərkən bir il bundan qabaq təklif etdiyim - Bakı şəhərinin mərkəzi rayonunun yaradılması məsələsinə toxundu və həqiqətən də haqlı narazılığını bildirdi. Bu təklifin gündəmə gətirilməsindən artıq 10 ay keçib. Biz iki gün ərzində Bakının mərkəzinin sərhədlərini müəyyənləşdirdik və müvafiq təşkilatlara verdik ki, bununla məşğul olsunlar. Bu 10 ay müddətində heç bir fəaliyyət göstərilməyib, bu da cənab Prezidentin haqlı narazılığına səbəb olub. İndi isə düşünürəm ki, bu məsələ öz həllini tapacaq. Biz də Memarlar İttifaqı olaraq var gücümüzlə, biliyimizlə, savadımızla bu işə dəstək verməyə hazırıq".

Milli.Az