ASCO-nun yeni gəmisi “Akademik Xoşbəxt Yusifzadə” adlandırılacaq

16 Yanvar 2020 12:57

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, görkəmli neftçi alim və geoloq, akademik Xoşbəxt Yusifzadənin 90 illik yubileyi ilə bağlı Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin yanvarın 15-də imzaladığı Sərəncamda "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-yə (ASCO) tapşırıq verilib. Sərəncama əsasən, ASCO özünün yeni gəmisinə Xoşbəxt Yusifzadənin adının verilməsini təmin etməlidir.

Milli.Az-a ASCO-nun mətbuat xidmətindən daxil olan məlumatda bildirir ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamına uyğun olaraq hazırda ASCO-nun sifarişi ilə Bakı Gəmiqayırma Zavodunda inşası davam etdirilən yeni nəsil neftdaşıyan tankerinin Xoşbəxt Yusifzadənin şərəfinə "Akademik Xoşbəxt Yusifzadə" adlandırılması qərara alınıb.

Sözügedən gəminin 2021-ci ildə istismara verilməsi nəzərdə tutulur.

"Dənizçilər olaraq ASCO-ya məxsus gəminin görkəmli neftçi alim və geoloq, akademik Xoşbəxt Yusifzadənin adını daşımasından sonsuz qürur və iftixar hissi duyuruq. İnanırıq ki, "Akademik Xoşbəxt Yusifzadə" neftdaşıyan tankeri istifadəyə verildikdən sonra həm Donanmamız, həm də ümumilikdə ölkəmiz üçün böyük uğurlar gətirəcək.

Bir daha Xoşbəxt Yusifzadəni 90 illik yubileyi münasibətilə dənizçilər adından təbrik edir, möhkəm cansağlığı, səmərəli fəaliyyətində uğurlar arzulayırıq", - deyə məlumatda bildirilir.

Milli.Az