“Mənim xanımım hara gedəcəyini bilən qadındır” - İmamoğlu

15 Yanvar 2020 15:15

İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) rəhbəri Əkrəm İmamoğlu Fransada öldürülən Kürd Fəhlə Partiyasının yaradıcılarından biri Səkinə Cansızın "Hep kavgaydı yaşamım" adlı kitabının qurumun nəzdində fəaliyyət göstərən İstanbul Kitabçısı tərəfindən satışa çıxarılmasına münasibət bildirib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, İmamoğlu jurnalistlərə açıqlamasında kitabın Türkiyə ərazisində hər yerdə satıldığını bildirib.

"Bu şəkildə aparılan müzakirələr bizi incidir. Kitab mövzusu illər öncə də başqa formada tənqidlərə səbəb olmuşdu. Cənab Dəmirtaşa (Xalq Demokratik Partiyasının (HDP) keçmiş həmsədri- red.) aid kitab hər yerdə satılır. Dövlətin qurumları da buna daxildir. Poçt və Teleqraf Təşkilatının (PTT), Türkiyə Böyük Millət Məclisinin (TBMM) saytında var, girib baxın.

İqtidara çox yaxın kitabçıda da var. Başqa yerlərdə də var. Ola bilər, olmalıdır da. Hər hansı bir kitabın ölkə ərazisində qadağan edilməsinə məhkəmələr, hakimlər qərar verməlidirlər. Digər kitabla ("Hep kavgaydı yaşamım"-red.) bağlı deyim ki, 5 ildir satışdadır. Yeni deyil yəni...5 ildir ki, İstanbul Kitabçısında satılır. Amma səsləndirilən haqlı tənqidlərdən sonra o kitabın satışını saytımızda ləğv etdik", - İBB rəhbəri vurğulayıb.

Əkrəm İmamoğlu bir müddət öncə xanımı Dilək İmamoğlunun Dəmirtaşın xanımı Başak Dəmirtaş və CHP sədri Kamal kılıçdaroğlunun xanımı Selvi Kılıçdaroğlu ilə birlikdə HDP-nin sabiq həmsədrinin "Devran" əsəri əsasında səhnələşdirilən tamaşasını izləməsindən sonra onun haqqında səsləndirilən tənqidi fikirlərə də reaksiya verib:

"Mənim xanımım yaxşı təhsil almış, universitet bitirmiş, magistratura, doktorantura təhsili alan bir türk qadınıdır. Xanımım hara gedəcəyini yaxşı bilir. Türkiyə və dünya ilə bağlı şərh verə bilən, ona görə də hara gedə biləcəyini bilən türk qadınıdır. Sadəcə mənim xanımımın deyil, ora gedən digər qadınların da eyni şəkildə olduğunu düşünürəm. Elədir də... Düşünürəm ki, qadınlar bu ölkənin birliyinə və qardaşlığına ən böyük töhfəni verəcəklər. Kaş ki, kişi çənələri bu mövzuda az danışa...".

Milli.Az