Həmkəndlisini bıçaqlayıb qaçan şəxs saxlanıldı

15 Yanvar 2020 14:43

Quba rayonunun Birinci Nügədi kənd sakini Nəbi Şərifovun kəsilmiş-deşilmiş bədən xəsarəti diaqnozu ilə Quba Rayon Mərkəzi Xəstəxanasına gətirilməsi barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Milli.Az-a verilən məlumata görə, bununla əlaqədar polis əməkdaşlarının keçirdikləri uğurlu təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində xuliqanlıq hərəkətləri zəmnində zərərçəkənə xəsarət yetirdikdən sonra həmin ərazidən uzaqlaşaraq gizlənən kənd sakini, 55 yaşlı Rauf Muradov gecə saatlarında saxlanılıb.

O, dindirilmə zamanı törətdiyi əməli etiraf edərək, Nəbi Şərifova bıçaqla xəsarət yetirdiyini bildirib. Hadisə zamanı istifadə edilmiş bıçaq maddi sübut kimi ondan götürülüb.

Faktla bağlı Quba RPŞ-də araşdırmalar aparılır.

Milli.Az