3-cü kurs tələbəsi acından öldü - FOTO

15 Yanvar 2020 10:36

Qəpik-quruşla dolanan gənc qız normal qidalanmadığına görə ölüb.

Milli.Az BBC-yə istinadla xəbər verir ki, Çində yaşayan Wu Huayan adlı 24 yaşlı tələbə qız xəstəxanada dünyasını dəyişib.

Arıqlayıb 20 kiloqram qalan Wu Huayan 2019-cu ilin oktyabr ayında xəstəxanaya yatırılıb. Bütün ailə üzvlərini itirən qız xəstə qardaşını müalicə etmək üçün əmisinin verdiyi pulun hamısını ona xərcləyib.

Gündəlik yeməyi üçün 2 yuan (30 sent) xərcləyən Wu zəif qidalandığı üçün ölüb. Oktyabr ayında ona yardım üçün onlarla şəxs müraciət etsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

"Mən kasıblıqdan ölməyi gözləmək istəmirəm", - Wu ötən il "Chongqing Morning Post"a açıqlamasında söyləmişdi.

Wu-nun mətbuata adı açıqlanmayan qardaşı bildirib ki, ötən gün vəfat edən bacısının 24 yaşı olub və 3-cü kursda oxuyurdu.

Həkimlər qızın son 5 ildə normal qidalanmadığını söyləyiblər.

Qeyd edək ki, Wu Huayan 4 yaşında olarkən anasını, məktəbdə oxuyarkən atasını itirib. İllər sonra onlara baxan nənəsi də vəfat edən Wu sonradan əmisinin verdiyi pulla özünə də, qardaşına da baxıb.

Bəxtiyar Umarlı
Milli.Az