İran Britaniyaya nota verdi

12 Yanvar 2020 17:46

İran Böyük Britaniyaya  nota verib.

Milli.Az APA-ya istinadən bildirir ki, Böyük Britaniyanın Tehrandakı səfiri Robert Makeyr İran XİN-ə çağrılıb.

Səfirə diplomatik qaydalara zidd və  qanunsuz toplantıya qatılmasına görə özünə və təmsil etdiyi dövlətə etiraz notası verilib. R.Makeyrə 1961-ci il Vyana Konvensiyasına zidd olaraq qanunsuz toplantıda iştirak etdiyi açıqlanıb və Britaniya hökumətindən bu haqda izahat tələb olunub.

Qeyd edək ki, R. Makeyr ötən gün Tehran Universiteti qarşısında və paytaxtda keçirilən etiraz aksiyalarının kadrlarını çəkərkən saxlanılıb. Səfir bir neçə saat saxlanıldıqdan sonra İran XİN-in müdaxiləsi nəticəsində azad edilib.

Milli.Az