Nizami Cəfərov: "... Heç kim onları Yazıçılar Birliyindən çıxara bilmir"
19 Aprel 2010 10:15
- Nizami müəllim, bu gün dünyaya inteqrasiya xəttini tutan, mədəniyyətlərarası dialoqun tələbləri ilə cərəyan edən proseslər ədəbiyyat sisteminə hansı vədləri verir? Sizcə mədəni-ədəbi həyata olan yeni baxışlar daha çox hansı prinsiplərin üzərində köklənib və ədəbiyyatda baş qaldıran mübahisələr nədən qaynaqlanır?
- Dünya insanının mədəniyyətə münasibəti çox müxtəlif mərhələlərdən keçib. Bu gün təmərküzləşmiş böyük güclər arasında olan münasibətlər bu qədər sərt formada insanın həyatına düşüncəsinə, məişətinə dünyaya münasibətinə təsir etməmişdi. Yaxud indiki qədər dünyanı maliyyə idarə etməmişdi. Bu gün insana təsir edən faktorlar bugünkü dövrün, zamanın daxili xüsusiyyətləridir. Bu gün Azərbaycanda kimsə 50-60-cı illərdə olduğu qədər Hegeli, Kantı, Marksı oxumur. Demək olar ki, böyük fəlsəfə ilə heç kim məşğul olmur. Bu gün insan sanki daxili mükəmməlləşməkdən çox, dünyada ləzzətlə yaşamağa, gününü xoş keçirməyə, istirahatə meyillidir. Məsələn, XIX əsrin sonu, XX əsrin əvvəllərində insan öz gücünü, xoşbəxtliyini istirahət etməklə, yaxşı şənlənməklə təmin edə bilməzdi. Bu, cəmiyyətdə naqis hadisə kimi qəbul olunardı. Amma bu gün elə qəbul olunmur. Bizim bir dostumuzun söylədiyi kimi, bugünkü dünya "pul qazan və kef elə" məzmunundadır. Bəlkə də bu, xeyli dərəcədə bayağı səslənir, amma mahiyyətcə doğrudur. Baxmayaraq ki, bu gün müharibələr var, öz dinini yaymaq uğrunda böyük proseslər gedir, hər hansı formada vətənpərvərlik təzahürləri var, amma bunlar elə proseslərdir ki, insanı daha az səciyyələndirir, nəinki bayaq dediyimz qlobal təsir altında şənlənmək, zövq almaq, müəyyən qədər yüngülləşmək. Ağır sənətlə yüngülləşmək olmur. İnsan rahatçılıq istəyir.
"Oxucunu Səməd Vurğunu, Mirzə İbrahimovu oxumağa məcbur etmək olmaz"
- Deməli, qloballaşma ideoloji baxışları itirir?
- Azərbaycan təbii ki, bu qlobal dünyanın tərkib hissəsidir. Azərbaycan dünyaya inteqrasiya olunursa və dünya Azərbaycana gəlirsə, istər-istəməz Azərbaycan insanı da dəyişir. Mənim dediyim ideologiya deyil. Əslində dünyada bir ideologiyasızlaşma prosesi gedir. Əgər vaxtilə bu və ya digər ideologiya, bu və ya digər siyasi mövqe insanın ləyaqəti kimi qəbul olunurdusa, indi başqa cürdür. Bizdə ən azından 200-300 illik bir milli-mənəvi ideologiya kompleksi formalaşıb. Biz dərhal ordan qopub qlobal dünyanın "pul qazan, kef elə" texnologiyasına keçə bilmərik. Başqa ölkələrdə də müvafiq şeylər var. Məsələn, bu, Afrika ölklərində, Rusiyada başqa cür təzahür edir. Avropa ölkələrində, məsələn, Almaniya insanının son dünya müharibəsində uduzmuş bir ölkənin vətəndaşı olaraq bir ayrı kompleks yaşayır. Keçmiş SSRİ-dən ayrılmış MDB ölkələrində bir ayrı komplekslər var. Azərbaycanda belədir. Həm SSRİ-dən ayrılmış, həm müstəqillik uğrunda mübarizə aparmış, həm də torpaqları işğal olunmuş və onu geri qaytarmağın ağrısını çəkən bir ölkə kimi onun insanına müəyyən təsirlər var. Azərbaycan insanı istəyir ki, yaxşı yaşasın, vətəninin torpaqları azad olunsun, eyni zamanda güclü olsun. Eyni zamanda bunu da görürük ki, böyük güclərin Azərbaycana müəyyən konyektur münasibəti var. Bununla yanaşı Azərbaycanda müstəqil, dönməz bir dövlətçilik texnologiyası qərarlaşır. Bunun da təsirləri var.
- Nizami müəllim, bu gün ədəbiyyata maraq azalıbsa, belə çıxır ki, ədəbiyyat da insan üçün ağırlıq yaradır? Sizcə ədəbiyyata marağın azalması insanın qlobal ağırlıqdan canını qurtarmaq istəyindən irəli gələ bilər?
- Çox dərin bir sualdır. Məsələn, bu gün kimsə mənə desə ki, biz Azərbaycan oxucusunu Səməd Vurğunu, Mirzə İbrahimovu oxumağa məcbur etməliyik və oxumursa, bu onun günahıdır, mən bunu qəbul edə bilmərəm. Azərbaycan oxucusunun Səməd Vurğunu, Mirzə İbrahimovu, Rəsul Rzanı, xüsusi olaraq 50-60-70-ci illərdə oxuduğu qədər, indi oxuması mümkün deyil. Demək burda nə isə ağırlaşdırıcı bir şey var. Nə isə təmin eləmir. Amma bu gün Azərbaycan insanı çox böyük məmnunluqla televiziyalara baxır. Yəni belə də ola bilərdi ki, heç televiziyalara baxılmasın. Belə ölkələr də var. Mən müsbət halı onda görürəm ki, Azərbaycan insanı daha çox öz televiziyasına baxır. Hətta elə evlər var ki, evdə yeməyə çörək tapa bilmir, amma uşaqların, ailənin təzyiqi ilə mütləq bir "krosnı" alıb və dünyanın 100-ə qədər kanalına baxa bilir. Televiziyalarda gedən verilişlərin indiki səviyyəsi azərbaycanlıları təmin edir. Yəni bunu qəbul etmək lazımdır. Dünyanın hər yerində olduğu kimi, Azərbaycanda da elə tək-tək insanlar var ki, özünün elitar hesab elədiyi hər hansı bir yaradıcılıq texnologiyaları ilə məşğuldur. Yəni lap Kantı oxuyanlar da ola bilər, amma bu, tipik deyil.
"Gənclər heç 10 faiz ədəbiyyat yarada bilmirlər"
- Artıq xeyli müddətdir ki, ədəbiyyat sistemində, eləcə də ziyalılar arasında mahiyyəti bilinməyən bir ziddiyyətli proseslərin getdiyi müşahidə olunur. Sanki yaradıcılığa yeni gələn şairlər, nasirlər köhnələri qəbul etmək istəmir. Eyni zamanda da yaşlı nəslin nümayəndələri də sanki yeniliyə qəribə baxırlar. Yaxud qəbul edilirlər, amma təqdimat başqa cürdür. Vəziyyəti necə analiz edərdiniz? Sizcə bu gün ədəbiyyat daha çox nəyin üzərində köklənməlidir?
- Bir vaxtlar Azərbaycan ədəbiyyatına 60-70-ci illərdə gələnlər arasında ziddiyətlər var idi. Məsələn, Məmməd Rahim, Süleyman Rüstəm, Hüseyn Abbaszadə, Bayram Bayramov 70-80 ci illərdə yazıb yaradırdılar. Amma sonra Anar, Elçin, Əkrəm Əylisli və sair ədiblərdən ibarət nəsil meydana çıxdı. Bu nəsillərin arasında deyək ki, Bəxtiyar Bahabzadə, Nəbi Xəzri, Nəriman Həsənzadə, Qabil və sair kimi keçid ədəbiyyatçıları da yarandı. Onlar ziddiyyətli tərəfləri həmişə barışdırırdı və bütöv bir ədəbiyyat kompleksi yaranırdı. İndi artıq yeni bir nəsl gəlib və bu nəslin köhnə nəsillə ziddiyyətləri yoxdur. İndi bir neçə yazıçı meydana gəlib ki, onlar daha çox publisistika ilə məşğul olur, hərdən-bir şeir yazır. Məsələn, Həmid Herisçi, Qan Turalı, nə bilim bu tip xeyli yeni fon var. Bunların da babaları hesab oluna biləcək, heç vaxtı nə işlə məşğul olduğu, nə dediyi dərindən bilinməyən Rafiq Tağı var. Bu yeni nəslin nümayəndələri Anar, Elçin, Əkrəm Əylisli, Fikrət Qoca, Zəlimxan Yaqub və ədəbiyyatın yaradıcılıq sisteminə töhfələr verən digər yaradıcı adamları təhqir etmək səviyyəsində problem çıxardırlar. Amma mən bunu ziddiyət hesab etmirəm. Çünki burda ictimai-publisistik səviyyədə zövqlərin ziddiyyəti var. Amma bu gənclər nə Anar qədər, nə Elçin, nə Əkrəm Əylisli, Zəlimxan Yaqub qədər ədəbiyyat yarada bilmirlər. Onlar heç 10 faiz ədəbiyyat yarada bilmirlər. Əgər vaxtilə ziddiyyətlərdə Elçin, Anar yaratdığı əsərlərlə özlərindən əvvəlki nəslə qarşı dururdularsa, indikilər əsər yaratmaq yox, istədikləri əsərin obrazını təsvir edirlər. Ona görə də görkəmli ədiblərin qarşısında duruş gətirə bilmirlər. Çünki əsərin qabağına əsər çıxarmaq lazımdır, əsərin qabağına fikir çıxarmaqla ədəbiyyatda yeni dövr yaranmır. Belə bir vəziyyət var. Amma deyim ki, onlar ədəbiyyata insanları əyləndirə bilən yüngül texnolorgiyalarla gəlsəydilər, yazdıqlarının nə dərəcədə keyfiyyətli olub-olmamağından asılı olmayaraq, populyar ola bilərdilər.
Azərbaycan ədəbiyyatında bir cəhət də var. Azərbaycanın ədəbi-bədii təfəkkürünün fonunda Azərbaycan dilində yüngül və gözəl ədəbiyyat yaratmaq olmur. Bunun əvəzində isə ədəbi-bədii cəhətdən aşağı səviyyədə olan bir şey yarada bilərlər. Məsələn, deyək ki, macara ədəbiyyatı. İndi bizdə dünyada tanındığını iddia edən və həqiqətən də tanınan Çingiz Abdulayev var. Çingiz Abdullayev Azərbaycan oxucusu üçün deyil. Yəni Azərbaycan oxucusu onu həzm eliyə bilmədi. O, azərbaycanlıdır və azərbaycanlı kimi onunla fəxr edirik. Amma o, daha çox kənardakı hörmətinə görə Azərbaycanda hörmət qazandı. İnsan hərdən ağırlığı elə götürmək istəyir ki, bu, onu incitməsin. İnsanın, ruhunu qaldıran, onu dincəldən maraqlı yüngül ədəbiyyata ehtiyacı var. Amma təbiidir ki, bunun Azərbaycan dilində yaranması üçün Azərbaycan ədəbiyyatı tarixi ya material vermir, ya da potensialı yoxdur. Bilmirəm. Hər halda, bunu verə bilən yeni nəsil yaranmadı. Azərbaycan dilinin imkanları səviyyəsində bunu verə bilcək yeni bir nəsil yaransaydı, onda istər-istəməz yeni bir mərhələ başlaya bilərdi. Ona görə də biz hələlik ədəbiyyatı yenə də o klassikadan gələn miqyaslarla qəbul edirik, ədəbiyyatımızda nə varsa, yenə bizim üçün zahirən və daxilən eyni dərəcədə maraqlıdır.
- Çox vaxt yeni nəsil yazarlar müasirliyi, yeniləşməni daha çox millilikdən uzaqda axtarır. Bəlkə mənə elə gəlir?
- Dünyanın qloballaşması nəinki dünyanın yeni yaranan ədəbiyyatında var, eyni zamanda dünyanın vaxtilə yaratdığı ədəbiyyata da biz həmin o yüngüllük və ləzzətalma texnologiyaları ilə baxırıq. Burda xüsusi olaraq o bədii zövqün, klassik texnologiyanın qiymətləndirilməsindən söhbət gedir. Biz klassik əsərlərə yeni əhval-ruhiyə ilə baxırıq. Ona görə də bizim gəncliyimiz hər bir insanın fərdi hisslərinə təsir edən hadisələrə maraq göstərir. Məsələn, bu gün həbsxanaya düşmüş insanın həyatı maraqlıdır. Amma vaxtilə belə deyildi. Vaxtilə, təsəvvür edin ki, 50-60-cı illərdə həbsxanaya düşən insana dəhşətlə baxırdılar. Bu gün elə bil ki, bizim şairlərimizin, yazıçılarımızın çoxu həbsxanya düşür, sonra da "qəhrəmanlıq nəğmələri" yazırlar. Yəni münasibət dəyişib. Bir qədər əvvəl dünyaya çıxmaq, kosmopolitlik qeyri-millilik hesab olunurdusa, bu gün artıq milli qürurdur. Yəni ziddiyyətlər və ziddiyyətlərdən irəli gələn inkişaf əslində çox dərindədir. Bu gün ədəbiyyat Şekspir, Bayron, Maksim Qorki, Dostoyeski, Tolstoy, yaxud bizim böyük romantik sənətkarlarımızda olduğu kimi klassik romantikaya meyilli deyil. Ədəbiyyatda ağıl, intellekt özünü emossiyaya tabe edib. Tarixdə hər hansı şəxsin həyatına müdaxilə edib, onun neçə arvad almasını, məişətini təqdim etmək oxucular üçün çox maraqlıdır.
"Ədəbi tənqid istedad yarada bilməz"
- Ədəbi tənqidin olmaması və eyni zamanda ictimai qınağın yaranmaması ədəbiyyatda bu kimi halların inkişafı üçün vasitə ola bidərdimi?
- Ədəbi tənqid heç vaxt güclü olmayıb. Ədəbi tənqidə o qədər də böyük ehtiyac yoxdur. Heç bir yazıçı ədəbi tənqidlə hesablaşmır. Cəmiyyətdə yaradıcılığa müəyyən ideoloji təzyiqlər olubsa, bu da ədəbi tənqid müəyyən qədər yüksəldib. Bu daha çox dövlətlə bağlı olub. Yəni dövlət ideologiyası məsləhət bilibsə, ədəbi tənqid bir ideologiya nazirliyi səviyyəsində gedən proseslərə nəzarət edib. Amma bu nəzarətin nəticə etibarilə əhəmiyyəti olmur. Ədəbi tənqid istedad yarada bilməz, o cümlədən istedadı irəliyə aparmağı bacarmaz. Əslində, ədəbi tənqid anlayışının özü də çox yayğın bir anlayışdır. İstənilən halda ədəbiyyat, rəssamlıq, musiqi barədə fikir söylənə bilər. Bunu ən adi oxucu, dinləyici, seyrici də edə bilər, xeyli dərəcədə proffesional da edə bilər. Ədəbiyyatın bu şəkildə tarixi də yazılır. Amma hansı yaxşıdır, pisdir kimi konkret sözə gələndə mütləq bir fikir ortaya çıxmır. Çünki hər bir sənətin yaradıcılığının öz dövrü olur. O, öz dövrü üçün maraqlı ola bilir. Nümunələr də göstərir ki, böyük yaradıcıların tənqid təfəkkürü ilə ədəbi təfəkkürünün qarşılaşması nəticə vermir.
- Ədəbiyyatla bağlı ortaya çıxan mübahisələrdə qabarıq şəkildə görünən məsələlərdən biri də yaradıcı adamların mövcud problemlərl bağlı daha çox Yazıçılar Birliyini və onun sədri Anar müəllimi qınamaları ilə müşahidə olunur. Buna fikriniz nədir?
- İqtisadiyyatda keçid dövrü başa çatıb. Amma yaradıcı təşkilatların qurulmasında bu proses davam edir. Bu gün Yazıçılar Birliyinin 1500-ə qədər üzvü var və bunların yaradıcılıqla məşğul olanları çox azdır. Bunlar vaxtilə yazıb-yaradıblar və Yazıçılar Birliyinin üzvü olmağa tam haqları var. Elələri də var ki, 60-cı illərdə nəsə yazıb, 90-cı ildən sonra heç nə yazmayıb, yaxud zəif yazır, kitabı çıxmayıb, buna baxmayaraq, heç kim də onları Yazıçılar Birliyindən çıxara bilmir. İndi bəziləri Anar müəllimin üzərinə düşürlər. Amma Anar müəllim bütün yazıçıların əvəzindən nə şeir, nə də nəsr yazan deyil. Hər kəs yaradıcılıq işi ilə məşğul olmalıdır. Yazıçılar Birliyi ictimai birlikdir. Yəni əvvəlki kimi ədəbiyyat nazirliyi səviyyəsində deyil ki, yazıçılara maşın versin, ev versin, onları yaradıcılıq evlərinə göndərsin və sair. İndi Yazıçılar Birliyinin o imkanı yoxdur. Amma Yazıçılar Birliyi dağıla da bilərdi. Necə ki, bir sıra respublikalarda belə birliklər dağıldı və yenidən müxtəlif birliklər yarandı. Anarın da böyük xidməti onda oldu ki, təxribata gedib Yazıçılar Birliyini dağıtmadı. Ağır vəziyyətdə belə, onu qorudu, saxladı. Bu mənada Anara qarşı qaldırılan hər hansı iddialar indiki tarixi şərait baxımından, həm də Anarın özünün şəxsi fəaliyyəti və xarakteri baxımından gülünc görünür. İndi ya inqilab, ya da seçki ilə Anarın əvəzinə kimi Birliyə gətirsələr də, Anara qarşı səslənən o ittihamların 5 qatı ona yönələcək. Mən Yazıçılar Birliyinin Ağsaqqlar Şurasının üzvüyəm və təhlillər aparıram, vəziyyəti bilirəm. Hər bir yaradıcı şəxsin, xüsusilə gənclərin bu və ya başqa adama qarşı iddia qaldırmalarına da mən təbii baxıram. Bu olacaq. Yaradıcılıq işi elədir ki, kiminsə kimin üslubundan, kiminsə kiminsə şəxsiyyəti ilə davası var. Bunların da ağzını yuma bilməzsən. Odur ki, elə bu cür də yaşayacağıq.
"Hamımız özümüzü göstərmək istəyirik"
- Son vaxtlar televiziya verilişlərində bir çox məqamlar tənqid hədəfinə alınır. Daha çox bütün kanalların birdən-birə "yemək bişirmə kampaniyasına" başlaması mübahisə doğurur. Sizcə bu yöndə aparılan işlər düzgün qurulub?
- Bizim folklorumuzda xeyli yaradıcılıq fəaliyyəti yeməklə bağlıdır. Toxumun əkilməyindən başlamış, ta yeməyin bişirilib süfrəyə gəlməsinə qədər. Tamaşa dövrüdü. Biz hamımız özümüzü göstərmək istəyirik. Təbii ki, istedadmızın səviyyəsi nə qədərdisə, o səviyyədə göstəririk. Folklordan nümunələr verilişlərə gətirilə bilər. Amma birdən birə, bütün televiziyaların belə verilişlər hazırlaması cılız görünür. Onu zəngilləşdirmək, orda maraqlı söhbətlər etmək olar. İnsan nə qədər yüngüllüyə meyilli olsa da, orada bir damcı intellekt varsa, təsiri olur. Məsələnin mürəkkəb cəhəti bundadır ki, intellektual verilişə, uşaqlar üçün verilişlərə heç kim reklam vermir. Televiziyaların çoxu da özəldir və bunlara maliyyə lazımdır. Ona görə də şou tipli verilişlərə daha çox reklam verilir. Bu da verilişləri yüngülləşdirməyə sövq edir. Yəni tələb də lazımi səviyyədə deyil. Hər halda, inkişaf, təkmilləşmə gedir. Birdən-birə bütün verilişləri pisləyib, sıradan çıxarmaq da olmaz. Televiziyalarımız müzakirə olunub. Mənə belə gəlir ki, televiziyalarda professionallar çatışmır. Televiziya rəhəbərliyinin günahından çox, televiziya sahəsində peşəkarların yetişdirilməsinə cavabdeh olan məktəblərin, təşkilatların, unversitetlərin günahı var. Ədəbiyyatını bilən, xalqını, dünyanı tanıyan, televiziya verilişin texnologiyasını və tamaşaçıya təsir mexanizmlərini yaxşı billən mütəxəssislər olsa, istər-istəməz bayağılıq da aşağı düşəcək, səviyyə yaranacaq. Əsas odur ki, mütəxəssislərin yetişməsinin qayğısına qalaq. Hamı tənqid edir. Tənqidi isə sayan da yoxdur.
"Erməni heç zaman əlinə silah götürə bilməz"
- Nizami müəllim, bu gün ədəbiyyatımızda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yaranan əsərləri yetərli hesab etmək olarmı?
- Bu gün çox deyilir ki, ermənilər Dağlıq Qarabağ haqqında çox yazdılar, çox filmlər çəkdilər, Qarabağı özlərinki kimi tanıtmağa çalışdılar, yaxud erməni genosidi barədə ədəbiyyat yaratdılar, dünyanın emosiyasını silkələdilər, bəs onda biz niyə etmirik? Ədəbiyyat ağrıdan yaranır. Biz erməninin qarşısında ağrımızı etiraf etməyin marağında deyilik. Bəlkə də, təbiətən güclü xalq olduğumuza görədir ki, dünyanı silkələyən ağrıdan əsərlər yaza bilmirik. Biz fikirləşirik: erməni kimdir ki, biz onun qarşısında ağlayaq. Erməni kimdir ki, biz ondan şikayətlənək. Amma erməni ağlayır, şikayətənir. Biz torpaqlarımızı müharibə yolu ilə almağa daha çox toparlanmışıq, nəinki ağlamağa. Erməni heç zaman əlinə silah götürə bilməz. Götürdüyü silah da özünün ola bilməz. İndi biz kimə qarşı döyüşməliyik? Odur ki, biz torpağımızı ədəbiyyatla yox, yenə diplomatiyamızla, sabit siyasi gücümüzlə və yeri gələndə silahımızla əldə etməliyik. Mənə belə gəlir ki, gücümüz də lazımi səviyyədədədir.
- Son vaxtlar Türkiyə-Ermənistan münasibətləri, aprelin 24-də "erməni soyqırımı"nın müzakirəyə çıxarılması ilə bağlı məsələlər və Qarabağ münaqişəsinin həllinin bütün bu məsələlərdə prioritet götürülməsi proseslərin hansı istiqamətdə inkişafına təkan verə bilər?
- Bir qədər öncə ABŞ Nümayəndələr Palatası, sonra İçveç parlamenti 1 səslə "erməni soyqırımı"nın müzakirə olunması ilə bağlı qərar verdi. Burada oyunbazlıq var. Biz buna qarşı dayanacağıq. İnanmıram ki, 24 apreldə "soyqırım"la bağlı hər hansı bir iş görülsün. Türkiyənin Dağlıq Qarabağla bağlı mövqeyi bəllidir. Artıq Türkiyə öz iradəsini ortaya qoyub və Dağlıq Qarabağ problemi həll olunmayana qədər sərhədləri açmayacaq. Çünki sərhədlərin açılması Türkiyənin yox olması demək olar. Ona görə də heç bir iqtidar buna gedə bilməz. Hər halda, düşünürəm ki, biz güc, iradə nümayiş etidirsək, qalib gələcəyik.
Tahirə Qafarlı
Milli.Az