Qədim dövrdən günümüzə qədər gəlib çatan oyma sənəti ustadan səbir, bacarıq və yaradıcılıq tələb edir. Dəqiqliyi sevən bu qədim sənət növünü yaşadanlardan biri də Tovuz rayonunun Alakol kəndinin sakini Alı Əsgərovdur.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, gənclik illərində sənətkarlığa başlayan usta ilk əl işini daş üzərində ərsəyə gətirib. Sonradan bacarığını taxta üzərində də tətbiq etməyə başlayıb.
Qırx ildir bu işlə məşğul olan Alı Əsgərov oyma sənətini müəllimi olmadan öyrəndiyini, bu işin çətin və zəhmətli olduğunu, incəlik tələb etdiyini deyir. "Oyma sənəti ilə məşğul olan şəxsdə rəssamlıq bacarığı olmalıdır. Milli ornamentlər - "buta", "xətai", "ismi", "bulud" və Azərbaycan xalçalarının üzərində olan naxışlardan da oyma sənətində istifadə edirəm. Bu naxışları adətən 10 gün ərzində ərsəyə gətirirəm", - deyə tovuzlu usta bildirib.
Bu sənətə daha dərindən yiyələnmək istəyən usta onun sirlərini də araşdırır. Eyni zamanda, gənclərə də öyrədir, kəndin bacarıqlı yeniyetmələrinin asudə vaxtlarını daha səmərəli keçirmələrinə kömək edir. Bunun üçün emalatxanada kurslar da keçir.
İldən-ilə zövqlər dəyişsə də, Alı usta tələbatdan narazı deyil. Sifariş edilən əl işləri müxtəlif olduğundan, qiymətlər də fərqli olur. Üzərində işlədiyi "Butalar yallısı" əsərinin qiyməti isə 200-250 manatdır.
O, həmçinin dekorativ tətbiqi sənət festivallarında iştirak edib və dəfələrlə fəxri fərmanlarla təltif olunub.
Milli.Az