Avtovağzalların şəhər mərkəzində, yaxud kənarda yerləşməsi məsələsi sərnişinlər arasında mübahisəlidir. Vağzalların mərkəzdə yerləşməsi əlçatanlıq baxımından yaxşı olsa da, bu, sıxlıq, səs-küy kimi diskomfortlar da yaradır.
Milli.Az bildirir ki, mövzu ilə bağlı ARB TV-nin "Günə Doğru" proqramında süjet yayımlanıb.
Sakin: "Şəhər ərazisində olanda rahat olur, kənarda isə çətindir".
Sakin: "Şəhərdən kənarda olması əlavə xərcdir. Taksi tutmalısan".
Sakin: "Bir var uzaq olar avtovağzal taksiyə 5 manat verəsən, bir də var ki, yaxın olar 2 manat verərsən".
Sovet dövründə vağzalların əkəsiyyəti rayon mərkəzlərində tikilib. Sonralar şəhərlər böyüdükcə vağzalları kənara köçürmək zərurəti yaranıb. Zaqatala Beynəlxalq Avtovağzalı bir neçə il öncə rayon mərkəzindən 2 km aralıya köçürülüb.
Sakin: "Müəyyən qədər nə iləsə gəlmək və getmək çətinlik yaradır. Ancaq sıxlığın olmaması və rahatlıq bu çətinliyi üstələyir".
Avtobus sürücüsü: "Şəhərdə tıcaxlar olur da, insanlar avtobusa vaxtında çata bilmirdilər".
İlk vaxtlar bəzi sərnişinlər bunun narahatlıq yaradacağını düşünsələr də, problem həll olunub.
Məhəmməd Abdullayev - Avtovağzal direktoru: "Rayon mərkəzindən avtovağzala sərnişinlərin daşınması üçün avtobus fəaliyyət göstərir. Bundan başqa Bakıya gedən sərnişinlərin rayon mərkəzindən və ətraf kəndlərdən avtovağzala gəlməsi üçün taksi şirkətləri ilə razılaşma əldə olunub, onların avtovağzala çatdırılması pulsuz olacaq".
Avtovağzalların şəhər kənarına daşınması yaranan sıxlığın qarşısını almaqla yanaşı, ətrafda yaşayanların da rahatlığını təmin etmiş olur. Buna baxmayaraq ölkənin böyük şəhərlərindən olan Şəkidə avtovağzal hələ də mərkəzə yaxın ərazidə qalır.
Sakin: "Biz avtovağzalın qabağında olan binada yaşayırıq. Bura avtovağzal yeri deyil, biz bunların əlindən bezmişik".
Yeni tikilən avtovağzalların şəhər kənarında inşa edilməsi onu göstərir ki, bu, günü-gündən böyüyən şəhərlər üçün ən yaxşı variantdır.
Milli.Az