Ötən gün törədilmiş 19 cinayətin üstü “isti izlər”lə açılıb

3 Yanvar 2020 18:20

Respublikanın daxili işlər orqanları ötən gün törədilmiş 19 cinayətin üstünü "isti izlər"lə açıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Milli.Az-a bildiriblər ki, əvvəlki dövrlərdən bağlı qalmış 14 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 4 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 2 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 4 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 4 nəfər ölüb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 6, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 15 nəfər saxlanılıb.

Milli.Az