Bakıda 160 saylı marşruta 12 metrlik avtobuslar verildi - FOTO

29 Dekabr 2019 16:27

Dekabrın 30-dan 160 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma fəaliyyəti 12 metrlik BMC Procity markalı avtobuslarla yerinə yetiriləcək.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Məlumatda bildirilir ki, Agentliyinin tələbinə əsasən marşrut xətti üzrə daşıyıcı "Çinar Trans" MMC tərəfindən 20 ədəd yeni avtobus alınıb. Avro 6 standartlarına cavab verməsi ilə fərqlənən 12 metrlik BMC Procity markalı avtobusların istismara verilməsi 57.000 nəfərə yaxın əhalisi olan Binə qəsəbəsində sərnişindaşımanın vəziyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdıracaq.

Hazırda 160 nömrəli müntəzəm marşrut xətti üzrə istismarda olan avtobuslar sərnişin axınına adekvat olmadığından sakinlərin narahatlığına səbəb olurdu. Bununla bağlı, ötən dövrdə Bakı Nəqliyyat Agentliyinə çoxsaylı müraciətlər daxil olurdu. Avtobus parkının yenilənməsi ilə yanaşı "Çinar Trans" MMC tərəfindən mövcud istehsalat bazasının ərazisi də, genişləndirilib və yeni təmir sexləri yaradılıb.

Milli.Az