Almaniyada magistrallarda sürət limitinin tətbiqi ilə bağlı məsələ ciddi fikir ayrılığına səbəb olub

29 Dekabr 2019 06:30

Almaniyanın avtomobil yollarında sürət limitinin tətbiqi ilə bağlı məsələ bu ölkənin ictimai-siyasi həyatında əsas mövzulardan biri kimi yenidən mübahisəyə səbəb olub.

Milli.Az kaspi.az-a istinadən yazını təqdim edir.bu məsələ ölkənin Ətraf Mühit naziri Svenya Şulçe və Nəqliyyat naziri Andreas Şoyer arasında fikir ayrılığına gətirib çıxarıb.

Sosial Demokrat Partiyasını təmsil edən Svenya Şulçe mətbuata açıqlamasında bildirib ki, o, Almaniyadakı magistrallarda sürət limitinin tətbiqinin tərəfdarıdır. Bu, yol qəzası nəticəsində ölüm hallarının azalması ilə yanaşı, hər il iki milyon tona qədər karbon qazının havaya atılmasının qarşısını almış olar. Qeyd edilib ki, saatda maksimum 130 kilometr sürət limitinin tətbiqi məsələsinin növbəti ildə ölkə gündəmində saxlanması planlaşdırılan əsas mövzulardan biridir.

Sosial Demokrat Partiyasının yeni rəhbəri Saska Eskenin fikrincə, sürət limitinin tətbiqi havanın çirklənməsinin qarşısının alınması baxımından vacib olmaqla yanaşı, təhlükəsizliyə və sürücülərin əsəblərinin qorunmasına da xidmət edir. Bu baxımdan biz bu məsələni gələn il də daim müzakirələrə çıxaracağıq.

Nəqliyyat naziri Andreas Şoyer isə bu mövzunun ölkə gündəminin əsas mövzusu olduğunu qəbul etmədiyini bildirib və bunun daha çox emosional xarakter daşıdığını, daha vacib məsələlərin olduğunu bildirib.

Qeyd edək ki, Almaniya Avropa İttifaqında sürət həddinin tətbiq olunmadığı yeganə ölkədir.

Milli.Az