ABŞ Enerji İnformasiya İdarəsi (EIA), ölkədəki kommersiya (satış üçün) xam neft ehtiyatlarının keçən həftə 1,1 milyon barel (0,2%) azalaraq 446,8 milyon barelə gerilədiyini açıqlayıb.
Milli.Az marja.az-a istinadən bildirir ki, bazar proqnozu ehtiyatların 1,3 milyon barel azalacağı istiqamətində idi. Kommersiya xam neft ehtiyatları bir əvvəlki həftə 0,8 milyon barel artmışdı.
Kommersiya xam neft ehtiyatlarına daxil olmayan strateji xam neft ehtiyatları da keçən həftə dəyişməyərək 635 milyon barel səviyyəsində sabit qalıb.
Söz mövzusu dövrdə ABŞ-ın benzin ehtiyatları 2,5 milyon barel (1,1%) artaraq 237,3 milyon barelə yüksəlib. Bazar proqnozu benzin ehtiyatlarının 2,2 milyon barel artacağı istiqamətində idi. Benzin ehtiyatları bir əvvəlki həftə 5,4 milyon barel artmışdı.
ABŞ-ın xam neft idxalı keçən həftə bir əvvəlki həftə ilə müqayisədə gündəlik ortalama 308 min barel azalaraq 6,58 milyon barelə geriləyib, neft ixracı isə gündəlik ortalama 233 min barel artaraq 3,63 milyon barelə çatıb.
Söz mövzusu dövrdə ABŞ-da xam neft istehsalı isə gündəlik ortalama 7 min barel azalaraq təxminən 12,8 milyon barel səviyyəsində reallaşıb.
EIA-nın "Dekabr 2019" hesabatına görə, ölkənin gündəlik ortalama xam neft istehsalının gələn il 13,2 milyon barel olacağı təxmin edilir.
Milli.Az