Hindistanla Pakistan sərhədindəki qarşıdurma zamanı bir neçə nəfər ölüb

26 Dekabr 2019 21:47

Mübahisəli Kəşmir bölgəsinin sərhədi boyunca Pakistan və Hindistan arasında baş verən son hərbi toqquşmalar zamanı hər iki tərəfdən itki verildiyi bildirilib.

Pakistan ordusu bir neçə gün əvvəl Hindistan qüvvələrini birinci atəş açaraq, Kəşmiri iki nüvə silahına malik rəqib ölkə arasında bölən İdarə Xətti (LoC) bölgəsindəki Deva Sektorunda iki əsgərini öldürməkdə günahlandırıb.

Milli.Az "Amerikanın səsi"nə istinadən bildirir ki, ordu sözçüsü, general-mayor Asif Qafur Pakistan qoşunlarının cavab atəşi açaraq, Hindistanın 3 əsgərini öldürdüyünü bildirib.

Hindistan mediasının məlumatına görə isə, Hindistan ordusu Pakistanın Kəşmir sərhədində "səbəbsiz" atəş açmasə nəticəsində, Hindistanın bir əsgərinin və bir mülki vətəndaşının öldüyünü təsdiq edib.

Bu ayın əvvəlində Pakistan BMT-nin Təhlükəsizlik Şurasına məktub göndərərək, İslamabadın Dehlinin kütləvi hərbi səfərbərliyə başlamasından, Kəşmirdə orta mənzilli raketlər yerləşdirilməsindən və sərhəddəki çəpəri qismən götürməsindən narahatlığını ifadə edib.

Pakistanın xarici işlər naziri Şah Məhmud Qureşi məktubunda Yeni Dehlinin ölkəsinə qarşı hücum etməyə hazırlaşdığı barədə xəbərdarlıq edib. Hindistan Pakistanın iddialarına heç bir reaksiya verməyib. Lakin Hindistanın ordu başçısı keçən həftə Kəşmir bölgəsində vəziyyətin "hər an kəskinləşə biləcəyini" deyib.

Kəşmir iki federal inzibati əraziyə bölünüb və Yeni Dehlinin regiona faktiki olaraq nəzarəti gücləndirilib. Bu ərazilərdən biri müsəlmanların əksəriyyətdə olduğu Kəşmir vadisi və hindlilərin çoxluq təşkil etdiyi Cammu, digəri isə buddistlərin əksəriyyətdə olduğu Ladaxdır. Hindistanın bütün qanunları bundan sonra Kəşmirə tətbiq olunur.

Milli.Az