Dünyanın ilk Mini LED texnologiyalı notbuku CES 2020 sərgisində təqdim olunacaq

31 Dekabr 2019 11:10

MSİ notbuk istehsalçıları arasında özünə məxsus yerə malik bir şirkətdir. 7 yanvarda başlayacaq CES 2020 sərgisində MSİ fərqlilik edərək dünyanın ilk Mini LED ekran texnologiyasına malik notbukunu təqdim edəcək. Creator 17 adlanan model fərqli ekran ilə istifadəçilərin qarşısına çıxacaq.

Milli.Az technote.az-a istinadən bildirir ki, Creator 17 notbuku 1000 nit kimi nəhəng ekran parlaqlığı dəyərinə malikdir və DCI-P3 rəng aralığını 100% olaraq tam şəkildə dəstəkləyəcək.

        DCI-P3 rəng aralığı Amerika film sektorunda istifadə edilən bir standartdır. MSİ Creator 17 bu rəng aralığını tam dəstəkləyən ekrana malik ilk notbuk olacaq. Qısaca film sektorunda işləyən insanlar üçün ən ideal ekrana malikdir. Lakin bu notbukun ən fərqli tərəfi istifadə edilən ekran texnologiyasıdır. Mini LED adı verilən ekran OLED ekranlara nəzərən daha yaxşı performans verməkdən əlavə parlaqlığın insan gözünə verdiyi zərəri də maksimum dərəcə azalda bilir. Həmçinin daha sadə istehsal strukturuna malikdir. Bu notbukda ən sonuncu nəsil prosessor və videokartdan istifadə ediləcək. Amma parametrlər tam ətraflı şəkildə mediaya sızdırılmayıb. 4K HDR və 1000 nit parlaqlığa malik bu notbukda ən güclü videokartlardan birinin olacağı düşünülür.

Milli.Az