Ədalət Şükürov: «Brilliant xanım nəinki 50, hətta 500 manata layiq müğənnidir» - FOTO

19 Aprel 2010 09:30
- Xarici ölkələrə sıx səfərlər edən müğənnilərdənsiniz. Amma deyəsən, bu səfərlər buradakı yaradıcılığınıza yenilik gətirmir, yoxsa, biz bunu görə bilmirik?

- Yəqin, verilişlərdə az görünməyim belə təəssürat yaradır. Çünki çağrılan verilişlərin hamısına getmirəm. Adətən sənətçi qalmaqallı verilişlərdə bir qədər az görünəndə, onun yaradıcılıq tempinin düşdüyü təsəvvürü yaranır. Mənim də az görünməyim ola bilsin belə bir fikir oyadıb. Səfərlərim isə doğrudan da sıx olur. Həm toylara dəvət edirlər, həm də Azərbaycandan fərqli olaraq xaricdə sıx konsert proqramlarım olur. Ötən il təkcə Dağıstanda 4 konsert proqramı ilə çıxış etmişəm. Bu il martın əvəlləri 2 günlük daha bir konsertim oldu. Xarici səfərlərdən söz düşmüşkən, onu da deyim ki, mayın 3-də İsrailə yola düşürük. Orada dövlət xətti ilə konsert proqramları keçiriləcək və Xəyyam Nisanovla mənim mədəniyyət günləri çərçivəsində iki şəhərdə çıxışlar edəcəyimiz nəzərdə tutulub. İyun və avqust ayında yenidən Dağıstanda konsert proqramlarım olacaq. Dağıstana, eləcə də Moskvaya tək konsert məqsədi ilə getmirəm. El şənliklərim də çoxdur. Bu tələbatı nəzərə alıb məcburam ki, proqrama rus dilində mahnılar əlavə edim.


""Qazanıram" deyən, gözünün içinə qədər yalan danışır"


- Belə aydın olur ki, adını çəkdiyiniz şəhərlərdə yaradıcılığınıza tələbat daha çoxdur, nəinki burada?

- Ümumyyətlə, dili başa düşməyən insan belə mənim mahnılarımı dinləyir və sevir. Bu səbəbdən də onlara hər yerdə tələbat var. Bu səbəbdəndir ki, bir çox bəstələrim bir çox dillərdə oxunub. Təkcə elə Dağıstanın özündə 10 millətə məxsus olan musiqiçilər mahnıları öz dillərində oxuyublar. Bu günlərdə mənə video görüntü göndəriblər və baxıram ki, böyük bir yəhudi qurupu mahnılarımı öz dillərində səsləndirib. Bunların əksəriyyətindən sonradan xəbər tuturam. Arzu edərdim ki, hər bir müğənninin mahnısı mənim qədər oxunsun. Amma hələ ki, elə bir müğənni tanımıram. Mahnıları yazanda mütləq xarici publikanın tələbatını da nəzərə alıram. Buna yaxından bələdəm. Bu, yəqin uzun zaman Rusiyada yaşamağımdan irəli gəlir.

- Mahnılar müzakirə ediləndə, sizi biri-birinə bənzəyən bəstələrin müəllifi kimi qələmə verirlər.

- Onu deyən adamın bəlkə də, bu işdən yaxşı başı çıxmır. Maşınımda hazırda Qriqori Lepsin albomu var, ona qulaq assanız, düşünmədən deyərsiniz ki, mahnılar eynidir. Amma belə deyil. Üslub etibari ilə oxşarlıq tapmaq olar. Məsələn, Röyanın mahnısını eşidəndə, sizə elə gəlir, mahnılar eynidir. Yaxud da Eyyub Yaqubov olsun.

- Ola bilər ki, səs tembri belə düşünməyə əsas verir?

- Bu da rol oynaya bilər. Əsas odur ki, bu tembrə görə, hansısa müğənni sevilir. Oxşarlıq fikri ilə heç razı deyiləm. Başqa bir misal çəkim - Şade. Onun əksər mahnıları biri-birinin oxşarıdır. Bu, ifaçının üslubudur.


"Caz Mərkəzində Azərbaycan müğənnisi görməmişəm"


- Üslubunuzu dəyişmək fikriniz var?

- Əslində, məndə üslub dəyişikliyi var. Sadəcə, bu, geniş auditoriyaya bir o qədər tanış deyil. Repertuar təzələnəndə kütlə oradan 2-3 mahnını daha çox sevir, qalanları, belə deyək, ikinci plana keçir. Bir də hamı albom almır, daha çox yığma disklərə üstünlük verir. Mənim caz, pop üslubunda ifalarım var. Caz ifamda, fəxrlə deyirəm ki, məni İsfar Sarabski müşayiət edib. Həm də fəxr edirəm ki, İsfar müğənnilərdən hələ heç kimi müşayiət etməyib. Daha bir qürurlandırıcı məqam budur ki, mən Caz Mərkəzində tez-tez görünən, ifası dinlənən müğənniyəm. Açığını deyim, orada hələ Azərbaycan müğənnisi görməmişəm. Gəlibsə, irəli durub bunu desin. Sevda Ələkbərzadə, Zülfiyyə Xanbabayeva istisna olmaqla. Başqa müğənnilər Caz Mərkəzində çıxış edirlər desəm, yalan olar.

- Sizi Caz Mərkəzinə cəlb edirlər, yoxsa, öz təşəbbüsünüzlə gedirsiniz?

- Özüm maraqlıyam. İfamda caz elementləri, gəzişmələri görmək istəyirəm. Hətta xaricdən qonaqlarım gələndə, onları da canlı caz kompozisiyaları dinləməyə aparıram. Əslində, caz ifaçıları kaprizli olur və hər musiqini qəbul etmirlər. Bəzən onları da qəbul etməyən zümrə olur. Amma mənim mahnılarımı böyük məmnuniyyətlə ifa edirlər. Bu əməkdaşlığa onları mən həvəsləndirmişəm.


"O müğənnidən mənim üçün avtoqraf götürün"


- Sizin bəstələriniz həm elit təbəqə, həm də "qara" zümrənin zövqünə hesablanıb. Bəs caz ifaçılarını buna necə həvəsləndirdiniz?

- Bu, öncə mənim içimdən gələn bir həvəsdir. Mahnılara gəlincə, onsuz da Azərbaycanda heç bir müğənni diskindən pul qazanmır, qazanmayacaq da. Ona görə ki, müvafiq qanunlar işləmir. Həmçinin klipindən də pul qazanan müğənni tanımıram. Əksinə, hazır məhsulla bərabər, telekanala pul ödəyirsən. Bu şəxsi kanalın öz iş üslubudur və heç kimin qarşısında şərt qoya bilmərik. Məsələnin digər tərəfi isə budur ki, müğənninin Azərbaycanda konsertindən pul qazanmaq şansı yoxdur. Əgər elə bir müğənni görsəniz ki, pul qazana bilir, ondan mənim üçün avtoqraf götürün. "Qazanıram" deyən, gözünün içinə qədər yalan danışır.

- Brilyant Dadaşova deyir ki, mən o zaman konsert verçəyəm ki, bu işdən pul götürə bilim. Belə çıxır ki, xalq artistinin arzusu bu tezlikdə həyata keçməyəcək?

- Brilyant xanımın adı-sanı var. Əgər belə bir şey olsa, çox sevinərəm. Əslində, onun elə bir imkanı var, qalır həyata keçirmək. Nəzərə almaq lazımdır ki, konsert çoxlu pul tələb edir və burada sən dekorasiya, icarə haqqı, musiqiçilərin pulu, reklam işi və s. işlərə ciddi məbləğdə vəsait xərcləməlisən. Əgər konsert zalına 4000 adam gələrsə və hər biri biletə ən azından 50 manat xərcləsə, onda qazancdan söhbət gedə bilər. Brilyant xanım nəinki 50 manat, 500 manata da layiq bir sənətçidir.
Mahnı mövzusuna gəlincə, Azərbaycanda müğənni kimi hamı özünü güclü hesab edir. Təəssüflər olsun ki, üzlərinə baxanda bunu hiss etmək olmur. Bəziləri var ki, özünü "bərkgedən" müğənni sayır, amma onu heç bir yerə dəvət etmirlər.

- Niyə çağırmırlar?

- Çünki insanlarda o müğənniyə maraq yoxdur. Çağırmırlarsa, deməli onun pulu da yoxdur. Pulsuzluq da özünü biruzə verir. Üst-başı, yaxud avtomobili buna bir sübutdur. Deməli qazanc yeri yoxdur. Yaxşı müğənninin isə həmişə toyu var. İnsanlar hərif deyil ki, "Əhmədə" boş yerdən pul qazandırsın. Tərəzinin gözündə kimə tələbat olduğu aydın olur. Tərəzi də insanların müğənniyə, mahnıya ehtiyacıdır. Əslində bu, gözəl bir stimuldur ki, sənətçi öz üzərində çalışsın. Ona da tələbat yaransın, insanlar məclisində görsünlər. Bir məqamı qeyd edim - Azərbaycanda müğənnilər arasında ən çox mənim mahnılarım oxunur. Bu, insanların ehtiyacıdır. Kiməsə pul vermirəm ki, mahnım xoşuna gəlsin.

- Mahnılarınızın cazibə qüvvəsi nədir?

- Sadəliyi. İnsanların beyni dincəlmək istəyir. Əgər mürəkkəb, qarışıq bir musiqini dinləsən, bir az da ağırlaşarsan.


"Ara muğənnilərində bu hal daha sıx müşaidə olunur"


- Beyin yoran mahnılar çoxdur?

- Mahnılara qulaq asırsan, əksəriyyətində ritm düz gəlmir. Yaxud hansısa alətin səsi insanın beynini yorur. Məsələn, bir mahnıda iki nəfəsli, yaxud iki simli alətin işlənməsi düzgün deyil. Bunu aranjemançı bilməlidir, amma təəssüf ki, çoxları bunu bilmir.

- Uyğunsuzluq müşahidə etdiyiniz kimin mahnılarının adını çəkə bilərsiniz?

- Son 10 ildə uyğunluğu qoruyan çox az sayda müğənni tanıyıram. Əksər ifaçıların isə ifasını eşitsəm də, adını bilmirəm. Tanımıram. Bir sözlə, "ara muğənniləri"ndə bu hal daha sıx müşaidə olunur. Sabah bir mahnı yazım və ora elə bir alət daxil edim ki, eşidəndə başınız ağrıyar.

- Bir az əvvəl danışdığımız konsert məqamına qayıtmaq istəyirəm. Dağıstanda silsilə konsert proqramları ilə çıxış etdiyiniz halda, burada niyə fəal deyilsiniz?

- Bu gün müğənnilərin 80-90 faizi məhz hesabat konserti verir. Bunu imic, adı qorumaq məqsədi ilə edirlər. Qazanc üçün heç kim edə bilməz.

- Sizin bu baryeri aşmaq imkanınız var?

- Son konertim Yaşıl Teatrda olub. 5 il əvvəl söz vermişəm ki, bir də heç vaxt öz təşəbüsümlə konsert verməyəcəm. Əgər təşkilatçı varsa, buyurub təşkil etsin və məndə səhnəyə çıxıb oxuyum, qonararımı alım. Mənim işim oxumaq olmalıdır, təşkilatçılıq yox. Təəssüf olsun ki, bizim müğənnilər elə bilir ki, konsert təşkil edə bilərlər.

- Bizdə ildə iki dəfə 4-5 günlük konsert təqdim edən müğənnilərimiz var - Faiq Ağayev, Röya. Əgər böyük pul itkiləri olsaydı, yəqin bunu təkrarlamazdılar...

- Bu konsertlər imicə, ad saxlamağa və yeni mahnıları göstərməyə xidmət edir. Bunu hər bir müğənni bacarmalıdır. Amma təəssüf ki, mən bu fikirdən vaz keçmişəm. Çünki mən konsertimdən qazanmaq istəyirəm. Sponsor olmasa, istər-istəməz itki olacaq. Yüz faiz uduzacaqsan, bunun başqa variantı yoxdur. Yaşıl Teatrdakı konsertimdən hələ də təşkilatçılar mənə borcludurlar. Ona görə də, bu məsələyə ehtiyatla yanaşıram.

- Rusiya, Dağıstanda konsert şərtləri necədir?

- Əvvəlcədən qonorar razılaşdırılır. Mən müğənni kimi çıxıb oxuyur və qonararımı alıb gedirəm.


"Məndən sonra 1000-dən artıq azərbaycanlı Ayda torpaq alıb"


- Ayda aldığınız torpaq durur?

- Torpağı 10 il əvvəl almışam. Məndən sonra 1000-dən artıq azərbaycanlı Ayda torpaq alıb. Əvvəl bu xəbərə gülürdülər, sonra ciddiliyini qəbul etdilər. Əvvəl Aya adamın uçması, turist raketi uçacağı barədə xəbər gülməli görünürdü. İndi adiləşib. Artıq Ayda turist şirkətləri hazırlayıblar.  

- Torpağı hansı məqsədlə almısınız?

- Bu, qətiyyən imicə xidmət edən bir xəbər deyildi. Çünki 10 il əvvəl mən sənətə gəlməmişdim və Azərbaycanda deyildim. Mənim üçün qeyri-adi bir şey yoxdur. Onu görürəmsə, varlığından xəbərdaramsa, mütləq almalıyam.   

"Mənim adımdan istifadə edirlər"


- Sizi biznes adamı kimi də tanımışıq. Amma son illər belə bir fəaliyyət növü ilə məşğul olduğunuz nəzərə çarpmır.

- Mən ömür boyu bizneslə məşğul olmuşam. Elə bir yerdə çalışmışam ki, şirkət bütün dünyada tanınıb və keyfiyyətli məhsulun istehsalı ilə məşğul olmuşam. Bura qayıdandan sonra biznesin arxasınca gedə bilmədim. Bakıda da bir işlə məşğul oldum, sonra başa düşdüm ki, çox çətindir. Hərdən qulağıma qeyri-dəqiq sözlər gəlib çatır. Açıq şəkildə deyirəm ki, mənim adıma şirkət yoxdur. Kimsə mənim adımdan istifadə edir. Deyirlər ki, guya mənim saat və s. dükanlarım var, piramida - qızıl biznesini adımla bağlayırlar. Yalan sözdür. Əgər kimsə iddia edirsə, inanmayın. Sizin vasitənizlə qəti şəkildə bildirirəm ki, belə sözlərə inanmasınlar. Əgər dəyərli, böyük biznes olarsa, əlbəttə məşğul olaram. Amma xırda işlərlə məşğul olmaq istəmirəm.

- Maraqlı avtomobil markalarınız var və səhv etmirəmsə, daha birini də almısınız.

- Məndə "Jeep" maşını mütləq olub. Çünki Azərbaycanda yol problemi hələ də həllini tam tapmayıb və sürücülərə məsləhət görərdim ki, hələ 5 il də "Jeep"dən istifadə etsinlər. Özümün daha çox idman maşınları xoşuma gəlir. Elə olur ki, ildən-ilə xoşuma gələni olanda, dəyişirəm. Yeni idman maşınım var, markası - "Pontiaq"dır. Yayda üstü açıq şəkildə idarə edəcəm. Belə avtomobillər şəhərə yaraşıq verir.

Xədicə
Milli.Az




--------------------------------------------------------------------------------


--------------------------------------------------------------------------------

--------------------------------------------------------------------------------

--------------------------------------------------------------------------------


--------------------------------------------------------------------------------

--------------------------------------------------------------------------------

--------------------------------------------------------------------------------

--------------------------------------------------------------------------------


--------------------------------------------------------------------------------