"Xalqım məni istəmirsə, yalandan seçkilərdə iştirak etməyin nə mənası var?"

24 Dekabr 2019 20:20

Deputatlığa namizəd olmaq üçün xalqın arzusu və istəyi olmalıdır. Deputatı xalq seçir. Əgər xalqımız məsləhət bilsə və mənə təklif etsələr, o zaman mən də namizədliyimi irəli sürərəm.

Milli.Az xəbər verir ki, bu fikirləri demokrat.az-a açıqlamasında Milli Məclisin V çağırış deputatı, ehtiyatda olan general-leytenant Əliağa Hüseynov bildirib.

Əliağa Hüseynov deyib ki, xalqdan istək olmasa, deputatlığa namizəd olmayacaq:

"Əgər xalqım mənim seçilməyimi istəmirsə, o zaman yalandan seçkilərdə iştirak etməyin nə mənası var? Mən tam əmin olsam ki, xalq məni istəyir, o zaman deputatlığa namizəd olaram. Ancaq hələ ki mənə elə bir təklif edən kütlə yoxdur. Salyanın digər deputatı olmuş Fəzail Ağamalıya da uğurlar arzu edirəm. Yəqin ki, onu xalq istəyir, o da deputatlığa namizədliyini irəli sürür. Allah hər kəsin canını sağ etsin".

Milli.Az