Rasim Ağayev: "Obama Ərdoğan və Sarkisyanı qarşısında otuzduraraq, onlara razılığa gəlməyi tapşırıb"
16 Aprel 2010 11:21
Amerikanın "Domokl qılıncı" hələki Türkiyənin başı üzərindədir
- Türkiyənin Xarici İşlər Nazirinin mətbuatdakı son çıxışından aydın olur ki, ABŞ-ın Türkiyəyə qarşı Türkiyə-Ermənistan sərhədlərinin açılması məsələsində təzyiqi artmaqdadır. Tükriyə bu təzyiqlərə davam gətirə biləcəkmi?
- İstər Türkiyə, istərsə də konfliktin iştirakçıları olan Ermənistan və Azərbaycanın bu məsələdə öz milli marağı var. Türkiyənin marağı ondan ibarətdir ki, ABŞ prezidenti Obama aprel ayında, ənənəvi çıxışında "erməni soyqrımı" ifadəsini işlətməsin. Yəni, Obama özündən əvvəlki prezidentlər kimi "soyqırım" sözünün yerinə başqa siyasi məna daşıyan "böyük faciə", "fəlakət" və s. sözlərindən istifadə etsin. Və bu halda Türkiyə bir il ərzində, yəni gələn ilin aprel ayına kimi, belə demək mümkünsə, möhlət qazanır. Təbii ki, Türkiyə bunun qarşılığı olaraq nəyisə qurban verməlidir. Amerika ilə Türkiyə arasında bir növ siyasi alver gedir. Vaşinqton "soyqrım" məsələsini sanki "Domokl qılıncı" kimi Türkiyənin başı üzərində asaraq, bundan təzyiq vasitəsi kimi istifadə edir. Yeri gəlmişkən qeyd etmək lazımdır ki, burada maddi maraq da var. ABŞ da erməni diasporu konqresmenlərin "soyqırım" məsələsini qəbul etməsi üçün, Türkiyə isə qəbul etməməsi üçün heç də az pul xərcləmirlər, və təbii ki, hər iki halda elə qazanan da amerikalılar olur. Nəzərə almaq lazımdır ki, Amerikanın bir nömrəli şəxsinin "soyqırım" sözünü işlətməməsi Türkiyə üçün mənəvi, siyasi və geniş mənada iqdisadi qazancdır. Hələ ki, Amerika "Domokl qılıncından" istifadə edərək, Türkiyədən istədiklərini əldə etməyə nail ola bilir. Və gözlənilir ki, Türkiyə ABŞ-a növbəti güzəştə gedəcək. Ola bilsin ki, Türkiyə İran məsələsində öz mövqeyini Amerikanın mövqeyinə uyğunlaşdırsın. Çünki son zamanlar Türkiyə İranla aktiv əməkdaşlıq edir və bu, heç də Ağ Evi sevindirmir. Türkiyənin dövlət nümayəndələri öz çıxışlarında bir növ İranın nüvə silahını əldə etmək cəhdlərinə haqq qazandırıblar. Və bunu belə izah ediblər ki, İzrail nüvə silahına malik olduğu halda niyə də başqa ölkələr atom bombasını istehsal etməsin? Ola bilsin ki, ikinci məsələ, Türkiyənin Ermənistanla əlaqələrini bərpa etmək istiqamətində irəli sürdüyü şərti, yəni, ermənilərin Azərbaycan torpaqlarının azad olunması şərtindən vaz keçməsi olsun. Bəli, bu günə qədər Türkiyənin prezidenti və baş naziri yüksək tribunalardan bəyan ediblər ki, Azərbaycan torpaqlarının erməni işğalından azad edilməsi Türkiyə-Ermənistan münasibətlərinin bərpası üçün ən vacib şərtdir. Hətta bunu Rəcəb Tayıb Ərdoğan Sarkisyanla görüşündə də erməni prezidentinə bildirib. Hazırkı vəziyyət belədir ki, ABŞ Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasını öz patronajına götürüb. Minsk Qrupunda isə əsas koordinasiya funksiyasını həyata keçirən Rusiyadır. Çünki Amerikanın dünyada oynadığı hegemon roluna baxmayaraq postsovet məkanında ABŞ Rusiyanın maraqlarını tapdalayıb keçə bilməz. Bu şərtə Amerika hələ SSRİ- nin dağıldığı 90-cı illərdən bəri az-çox riayət edir. Cənubi Qafqazda vəziyyətə gəldikdə isə bu, mənə keçmiş Amerika prezidenti Cimmi Karterin apardığı Yaxın Şərq problemini həll etməsini xatırladır. O zaman Karter Kemp Devididə yerləşən, özünün bağ evində Misirin prezidenti Ənvər Sadatı və İzrailin baş naziri Begini qarşısında otuzduraraq, onlara razılığa gəlməyi tapşırıb. İki həftəlik danışıqların nəticəsi olaraq Misirlə İzrail arasında Kemp Devidi razılaşması əldə olunmuşdur. Eyni ilə Obama Ərdoğan və Sarkisyanı qarşısında otuzduraraq onlara razılığa gəlməyi təklif etmişdir. Eyni zamanda xatırladım ki, Qarabağ məsələlərində ABŞ, Fransa və Rusiya da həmişə qeyd ediblər ki, Ermənistan Türkiyə məsələləri ilə bunun heç bir bağlılığı yoxdur. Bunu Azərbaycanda hamı eşidirdi, ancaq bizim tərəfimizdən lazımı cavab verilmirdi. Türkiyə-Ermənistan danışıqları ən yüksək səviyyədə başlayıb və bundan sonra da bu cür davam edəcək. Çox təhlükəli amil ondan ibarətdir ki, bu məsələlərdə Azərbaycan tamamilə kənarda qalıb.
Türk iş adamlarının ermənilərlə ticarəti Azərbaycanın maraqlarını Türkiyəyə unutduracaq
- Sizcə, bu vəziyyətdə Azərbaycan hansı addımları atmalıdır?
- Bu halda Azərbaycan ordu quruculuğunu daha da gücləndirməli, iqtisadiyyatı modernləşdirmək prosesini genişləndirməli, demokratik islahatlar aparmalıdır. Çünki hər bir dövlətin iqtisadi gücü artdıqca onunla daha çox hesablaşırlar. Fikir verin, nəyə görə Ermənistan Türkiyə ilə sərhədlərin açılmasına və münasibətlərin yaxşılaşmasına bu qədər cəhd göstərir? Məsələ burasındadır ki, iqtisadiyyatı tamamilə bərbad halda olan Ermənistana Türkiyə bir növ nəfəs verə bilər. İşsizlik və kasıbçılıq ucbatından Ermənistan əhalisi ölkəsini tərk edir. İndi Ermənistanda üç milyondan az əhali yaşayır. Türkiyə ilə sərhədlər açıldığı halda ermənilər özləri üçün iş yeri əldə edəcək, onlar Qara Dənizə çıxış tapacaqlar, Türkiyə isə öz növbəsində öz mallarının ixracı üçün əlavə bazar əldə edəcək. Türkiyənin daxilində müxalifət AKP iqtidarına güclü təsir göstərir ki, onlar Azərbaycanın maraqlarından vaz keçməsinlər, amma türk iş adamları ermənilərlə geniş ticarət əlaqələri yaratdıqdan sonra istər-istəməz Azərbaycanın maraqları Türkiyənin yadından çıxacaq. Bu isə bizim üçün çox təhlükəli perspektivdir.
Qarabağın müharibə yolu ilə azad olunmasının perspektivi görünmür
- Yəni AKP iqtidarı Vaşinqton danışıqlarında Dağlıq Qarabağ problemini "soyqırım" məsələsi ilə əvəz edə bilər?
- Bunu indidən demək tez olar. Bu günə kimi Türkiyə Azərbaycana bu məsələlərin həlli üçün həmişə kömək edib və bundan sonra da bu mövqedə qalacaq. Türkiyə regionda ən güclü dövlətlərdən biridir. Təbii ki, 80 milyonluq Türkiyə, 3 milyonluq Ermənistandan daha geniş imkanlara malikdir. Ancaq Türkiyənin də problemləri az deyil. Burada qlobal iqdisadi böhranın təsirini qeyd etmək olar, kürd problemini, Şimali Kipr problemi, Avropa İttifaqı ilə olan problemləri və s. Odur ki, Azərbaycan ilk növbədə özünə arxalanmalıdır, ancaq 1994-cü ildən Azərbaycan Qarabağ məsələsinin həllini ATƏT-in Minsk qrupu dövlətlərinə həvalə etmişdir. Artıq 16-il keçməsinə baxmayaraq, Minsk qrupu Ermənistanı razılığa gətirə bilməyib və burada təəccüblü heç nə yoxdur, çünki ermənilərin ən güclü diasporu ABŞ-da yerləşir, Ermənistan Rusiya ilə strateji müttəfiqdir, Fransaya gəldikdə isə ora ermənilərin ikinci vətəni sayılır. Təbii ki, biz istərdik ki, bu məsələnin həlli ilə başqa dövlətlər məşğul olsun, lakin Dağlıq Qarabağ problemini həll etmək bu dövlətlərin imkanları daxilindədir. Başqa bir vacib məsələ bundan ibarətdir ki, Azərbaycan Dağlıq Qarabağın gələcəyinin modeli ilə bağlı konkret bir təkliflə çıxış etməyib. Biz Avropa Şurasına daxil olarkən bəyan etmişik ki, Dağlıq Qarabağ problemini sülh yolu ilə həll edəcəyik. Hələki Dağlıq Qarabağın müharibə yolu ilə azad olunmasının perspektivini görmürəm. Amma müəyyən bir məqamda Azərbaycanın əlində güclü ordu olması, həlledici rol oynaya bilər.
- Azərbaycan müəyyən bir şərtlərlə yeniləşmiş Madrid prinsiplərini qəbul etdiyini açıqlayıb. Ermənistan isə bu günə kimi hələ də bunu etməyib. Vaxtı uzatmaqla Ermənistan hansı məqsədi güdür?
- Serj Sarkisyan 24 aprel "soyqrımın" ildönüm gününü gözləyir. O, ayın 24-dən sonra bəyan edəcək ki, onun höküməti Dağlıq Qarabağ problemini həll etməyi çox istəyirdi, amma verilən təkliflər qəbulolunmazdır və bununla yenidən danışıqlara başlanılacaq. Gəlin danışıqlar prosesində necə parodoksal vəziyyət alındığına nəzər yetirək. Ermənistan Rusiyanın hərbi-siyasi müttəfiqidir, Azərbaycanın isə strateji müttəfiqi ABŞ-dır və bu müttəfiqliyin əsasını neft amili təşkil edir. Amma Dağlıq Qarabağ məsələsində Amerika Rusiyanın müttəfiqinin maraqlarını müdafiə edir. Bu vəziyyətin yaranmasında iki faktor var. Birincisi, Amerika Ermənistanı Rusiyanın əlindən qopartmaq istəyir. Bu halda Rusiyanı ümumiyyətlə Cənubi Qafqazdan sıxışdırıb çıxarmaq imkanları yaranır. İkincisi, Amerika ilə strateji müttəfiqlik yarandığı dövrdə, Azərbaycan öz neft yataqlarının Qərb şirkətləri tərəfindən istismarını, Dağlıq Qarabağ problemində Qərbin siyasi dəstəyi ilə əlaqələndirməyib. Amerika Ermənistanı öz maraq dairəsinə çəkməklə, faktiki olaraq Böyük Yaxın Şərq proyektini də həyata keçirməyə şərait yaradır. Bu proyekt əsasında Mərkəzi Asiyadan gələn kəmərlərin və enerji daşıyıcılarının Qərbə ixracına geniş yollar açılmış olur.
Azərbaycana təklif olunan 6 rayonun qaytarılması əvəzinə Dağlıq Qarabağda referendum keçirilməsinə razı deyil. Bu halda əlbəttə ki, gərək Azərbaycan təşəbbüsü əlinə alsın və Dağlıq Qarabağın gələcəyi ilə bağlı geniş, aydın bir təkliflə çıxış etsin.
- Amma Azərbaycan ermənilərə təklif edib ki, gedib özləri üçün dünyada mövcud olan muxtariyyat statusu seçsinlər...
- Bəli, belə bir təklif olub, ancaq bu, azdır çünki, status seçimini onlara həvalə etdikdə qeyd edirlər ki, biz ən yüksək muxtariyyat statusunu müstəqillik formasında görürük. Buna görə də gərək Azərbaycan özü statusu və onun mexanizmini göstərə. Biz konkret olaraq nəyə razı olduğumuzu və nəyə razı olmadığımızı bildirməliyik. Və bu təkıliflər bizim tərəfimizdən verilməlidir.
Qərbin əli ilə Azərbaycanda iğtişaşlar törədilə bilməz
- Aydındır ki, dünyanın böyük güc mərkəzləri tərəfindən Azərbaycana da təzyiqlər olur. Bu il keçiriləcək parlament seçkiləri zamanı, kənar qüvvələr tərəfindən ölkədə vəziyyətin ciddi mənada gərginləşdirilməsinə ehtimal varmı?
- Belə bir ehtimal yox dərəcəsindədir. Azərbaycandakı iqtidar ölkədəki daxili vəziyyətə güclü nəzarət edir. Qərbdə yaxşı bilirlər ki, onların nəzarət etdiyi müxalif qüvvələr nəyə qadirdilər, müxalifət heç bir ixtişaş sala bilməz. Ən əsası odur ki, Azərbaycan hakimiyyəti Qərblə sıx əməkdaşlıq siyasəti aparır, buna sübut kimi Azərbaycanda Britiş Petroliumun fəaliyyətini misal gətirmək olar. Azərbaycanda sabitliyin qorunmasında həm iqtidar, həm də Qərb maraqlıdır.
- Türk mətuatında belə bir məlumat yayılıb ki, Qərbin gizli bir planı var. Bu da Bakı-Yerevan-Ceyhan neft və qaz kəmərinin çəkilişindən ibarətdir. Bu kəmərin Laçın koridorundan keçməyi nəzərdə tutulub...
- Belə bir proyekt haqqında söz-söhbət 1992-ci ildən gəzir. Bu proyektin həyata keçirilməsi mümkündür və Dağlıq Qarabağ məsələsinin həll olunmasında müstəsna rol oynaya bilər. İndi Xəzər regionundan Qərb istiqamətində yeni neft-qaz kəmərlərin çəkilməsinə təlabat artmaqdadır. Bu halda Azərbaycanın strateji imkanı daha da güclənir. Ümumiyyətlə Azərbaycanın Ermənistanla münaqişədə mövcud durumu öz xeyrinə dəyişmək imkanları çox genişdir. Xatırladım ki, 1941-ci ilin yanvar ayında almanlar Moskvanın 40 km-liyində idi və o vaxt heç kimin ağlına gəlməzdi ki, 5 ildən sonra SSRİ öz bayraqlarını Berlində Reyxstaqa sancacaq.
Ceyhun Nəcəfov
Milli.Az