“Chrome” brauzerinin bazar payı üç aydır ardıcıl azalır

21 Dekabr 2019 07:51

Qlobal brauzerlər bazarında "Chrome"un bazar payı üç aydır ardıcıl azalır. Bu barədə "StatCounter" xidməti məlumat verib.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, 2019-cu ilin noyabr ayının nəticəsinə görə, internetə çıxış üçün istifadə edilən fərdi kompüter və noutbukların 68,85%-də "Chrome" brauzeri quraşdırılıb. Bir ay əvvəl bu göstərici 68,91% idi. Brauzerin bazar payı avqustdan etibarən azalır, 2018-ci ilin noyabrında brauzerin bazar payı 72,38% olub.

2019-cu il noyabrın nəticəsinə görə, ən populyar brauzerlərin reytinqində ikinci yerdə 9,44% nəticə göstərmiş "Firefox" qərarlaşıb. "Safari" brauzeri (9,18%) üçüncü olub.

Qlobal brauzerlər bazarının 4,58%-i "Microsoft Edge"nin payına düşüb. "Microsoft" şirkəti öz məhsulunun göstəricisindən narazıdır və indi onu tamamilə yenidən işləməyə hazırlaşır. "EdgeHTML" mühərriki əvəzinə "Chromium"dan istifadəyə qərar verilib.

Milli.Az