Həkimin ölümünə səbəb olmaqda təqsirləndirilən sürücüyə bəraət verildi

18 Dekabr 2019 20:04

Tərtər Rayon Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə ittiham edilən Sübhi Abbasovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 

Milli.Az xəbər verir ki, bu barədə oxu.az-a vəkil Əli Hüseynov məlumat verib.

O bildirib ki, hakim Elşad Bayramovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, S.Abbasovun əməlində cinayət tərkibi olmadığı üçün ona bəraət verilib. 

Qeyd edək ki, 2018-ci ilin oktyabrında Tərtər rayonunun İrəvanlı kənd sakini Elcan Mahmudov yol-nəqliyyat hadisəsi nəticəsində ölüb.

DİN-dən verilən məlumata görə, oktyabrın 17-də saat 13 radələrində Tərtər rayonunun İrəvanlı kənd sakini Elcan Mahmudovun idarə etdiyi "VAZ-21154" və Mingəçevir şəhər sakini Sübhi Abbasovun idarə etdiyi "Hyundai" markalı yük avtomobili toqquşub. Nəticədə, xəstəxanaya yerləşdirilmiş E.Mahmudov orada ölüb.

E. Mahmudov rayonda diş həkimi kimi fəaliyyət göstərib.

Milli.Az