Finlandiya qadın vətəndaşlarının uşaqlarını repatriasiya etməyə çalışır

17 Dekabr 2019 22:41

Finlandiyanın yeni Baş Naziri Sanna Marin bildirib ki, Finlandiya "İslam dövləti" terror təşkilatına qoşulmaq üçün Suriyaya gedən fin qadınların uşaqlarını repatriasiya etməyə çalışır.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Finlandiya hökumətinin başçısının fikrincə, bunu mümkün qədər tez etmək lazımdır.

Buna baxmayaraq, Finlandiyanın özü İŞİD-ə qoşulduqları üçün Suriyanın şimal-şərqindəki həbs düşərgələrində saxlanılan vətəndaşlarının vətənə qayıtmasına icazə verib-verməmək barədə qərar qəbul edə bilməyən Avropa İttifaqı ölkələrindən biridir. Finlandiya vətəndaşları olan 11 qadının dünyaya gətirdiyi təqribən 30 uşağın da həbsdə olması vəziyyəti daha da ağırlaşdırır.

Sanna Marin bəzi anaların uşaqları ilə birlikdə repatriasiyası üçün qapıların açıq olduğunu bildirərək deyib: "İstənilən halda hakimiyyət orqanlarının məqsədi uşaqların maraqlarını qorumaqdır. Regiona özləri gedən böyüklərə kömək etməyə lüzum yoxdur". Bununla belə, Sanna Marin hökuməti parlamentdə bu məsələ ilə bağlı müzakirələrlə üzləşəcək, belə ki, repatriasiya məsələsinin gündəlikdə kəskin duracağı gözlənilir.

Milli.Az