Erməni mafiyası 135 tennisçini satın alıbmış - TƏFƏRRÜAT

16 Dekabr 2019 16:39

Dünyanın müxtəlif ölkələrində ən azı 135 tennisçi sövdələşmiş matçlara qarışmaqda suçlanır.

Milli.Az ZDF-ə istinadən bildirir ki, Belçika, İspaniya, Fransa və ABŞ-dan olan mütəxəssislərdən ibarət beynəlxalq istintaq qrupunun gəldiyi nəticə belədir.

Sövdələşmiş matçlarla bağlı istintaq hələ başa çatmayıb. Yekun nəticələr bir neçə ay sonra açıqlanacaq.

Şübhəlilər arasında Peşəkar Tennisçilər Assosiasiyasının (ATP) versiyası üzrə dünyanın 30 ən yaxşı tennisçisi siyahısında yer alanlar da var.

Die Welt-in yaydığı xəbərə görə, onların arasında alman tennisçi Maks X. da var. O, istintaqla əməkdaşlıq etsə də, şərh verməkdən boyun qaçırır.

Tennisdə stavkalarla manipulyasiyalar sisteminin təşkilatçısı Avropa Birliyi ölkələrində fəaliyyət göstərən erməni mafiyasıdır.

Belçikanın Federal Prokurorluğundan verilən məlumata görə, sövdələşmiş matçlara ümumi məbləği on minlərlə avro təşkil edən yüzlərlə kiçik stavkalar olunub.

Erməni mafioz qrupuna tennisçilərlə əlaqələr quran adamlar və çirkli pulların yuyulmasına cavabdeh şəxslər də daxildilər.

Argentinalı tennisçi Marko Trunjelliti ZDF və Die Welt-ə verdiyi açıqlamasında mövcud cinayətkar sxem barədə informasiyanı təsdiqləyib. Onun dediyinə görə, sövdələşmiş matçların təşkilatçıları onunla əlaqə saxlayıblar: "Bu barədə dərhal Beynəlxalq Tennis Federasiyasına məlumat verdim. Sövdələşmiş matçlarda aşağı səviyyəli tunirlərdə çıxış edən tennisçilərlə yanaşı, ən yaxşı 50 tennisçi reytinqinə daxil olanlar da iştirak ediblər".

Tennisdə sövdələşmiş matçların təşkilinə qarşı mübarizə aparan "Tennis Integrity Unit" (TIU) ötən il 20 tennisçini diskvalifikasiya edib.

Ötən ilin yanvarında isə İspaniyanın Mülki Qvardiyası sövdələşmiş tennis matçları ilə bağlı cinayət işi qaldırmışdı. Saxlanılan 80 nəfər arasında 28 peşəkar tennisçi vardı.

İspaniya polisinin yaydığı məlumata görə, sövdələşmiş matçlarla ermənilərdən ibarət mütəşəkkil cinayətkar qruplaşma məşğul olub.

İstintaq TİU-nun şikayətindən sonra başlanmışdı.

Orxan Hun
Milli.Az