Qurban Qurbanov mükafatlandırıldı

14 Dekabr 2019 17:59

Komanda.az saytının jurnalistlər arasında keçirdiyi sorğuya əsasən Azərbaycanda ilin məşqçisi seçilən Qurban Qurbanovun bu gün mükafatlandırma mərasimi keçirilib.

Milli.Az xəbər verir ki, tədbir "Fairmont otel"də keçirilib.   Mükafatı "Qarabağ"ın çalışdırıcısına Komanda.az saytının baş redaktoru Rəşad Ergün təqdim edib.  

Q. Qurbanov mükafatlandırma mərasimindən sonra açıqlama verib: "Həmişə bir şeyə söz vermişəm ki, məsuliyyətlə çalışacağam. Həm "Qarabağ"ın uğurları, həm Azərbaycan futbolunun qazanması üçün çalışacam. Amma hər şey bizdən asılı deyil. Bizdən asılı olmayan səbəblər də var. Fərqi yoxdur, "Qarabağ" Al-in qrup mərhələsində oldu, ya olmadı, həmişə istəmişəm ki, qrup mərhələsində hər il ən azı Azərbaycanın 1 klubu təmsil olunsun. Bunun hər  mövsüm "Qarabağ" olması isə ayrıca qürurdur. Bəzən oyunlarda bayraq çıxarırlar, əski çıxarırlar, bunların hamısı Qarabağın Azərbaycan ərazisi olduğunu bir daha sübut edir. Hər bir halda inanıram ki, "Qarabağ" qrupdan çıxa bilməsə də, nə vaxtsa hansısa klub bu ilkə imza atacaq. Biz bu istəkləri düzgün yerinə yetirsək, inanıram ki, hər şey yaxşı olacaq. Bu ada layiq gördüyünüz üçün hər birinizə təşəkkür edirəm. Sizin verdiyiniz bu dəyər mənimçün önəmlidir. Siz daim futbol azarkeşlərinə bizim işimizi daha ətraflı çatdırırsınız. Bu, heç də asan deyil. Yüz ölçüb, bir biçirsiniz ki, doğru yazasınız. Hər birinizə uğurlar arzulayıram".

Qeyd edək ki,  67 jurnalistin  iştirakı ilə keçirilən səsvermədə Ağdam təmsilçisinin baş məşqçisi 58 səslə qalib gəlib.

Milli.Az