Can alan dəm qazı...
19 Noyabr 2011 20:59
"Ekspress" qəzeti yazır ki, ölkədə dəm qazından zəhərlənənlərin sayı gündən-günə artır. Noyabr ayının son 10 günündə ölkə ərazisində dəm qazından zəhərlənənlərin sayı 16 nəfər olub ki, onlardan da 3-ü həyatını itirib.
Bakı Şəhər Təcili Tibbi Yardım Stansiyasının hesabat və statistika kabinetinin müdiri Güləndam Həsənovanın sözlərinə görə, bu ilin 10 ayı ərzində təkcə Bakıda 935 nəfər dəm qazından zəhərlənib. Onlardan 599 nəfəri xəstəxanaya çatdırılıb. 336 nəfərdə isə yüngül zəhərlənmə olduğu üçün ilk yardım göstərilərək evə buraxılıb. Dəm qazından ölənlərin sayı ekspertiza rəyindən sonra müəyyən edildiyi üçün müsahibim bu barədə məlumatsız olduğunu bildirdi.
Azad İstehlakçılar Birliyinin eksperti Nüsrət Qasımovun sözlərinə görə, Karbon monoksid təbii qazın və ya da neft məhsullarının yanması zamanı xaric olunan qazın natamam oksidləşməsidir. "Karbon 4 Oksid (CO4) zəhərsizdir, karbon 3 oksid (Ca O3) zəhərli. Bu qaz insanın həyatına 7 dəqiqə ərzində son qoya bilir. Dəm qazından zəhərlənmələrin bir çox səbəbləri var. Ümumiyyətlə, yanma prosesinin pozulması zamanı yaranan bu qaz insan həyatı üçün təhlükəlidir".
Qasımov tüstü bacalarının quraşdırılmasında çox vaxt nöqsanlara yol verildiyi və tüstü bacalarının ölçülərinin standartlara cavab vermədiyi fikrindədir. "Bu zaman qazın tam yanmaması baş verir və dəm qazı yaranır. İnsanlar bundan xəbərsiz olduqları üçün bu qazla nəfəs alır və zəhərlənirlər".
Müsahibim hesab edir ki, son zamanlar dəm qazından zəhərlənmələrin əsas səbəbi İrandan gətirilən sobalardır. Bu sobaların üzərində 178 mm qaz tutumu olduğu qeyd olunur. "Azərbaycanda qaz şəbəkəsi, evlər köhnə sovet məkanı standartları ilə çalışır. Optimal təzyiq, ən yüksək təzyiq 130 mm bərabərdir. Faktiki olaraq nəzər yetirsək, qaz evlərdə 60-70 mm-dən yuxarı qalxmır. Dəm qazının yaranmasının ilk səbəbi qazın təzyiqinin aşağı olması ilə bağlıdır. İkincisi isə, bu qaz sobalarını alan insanların məsuliyyətsizliyindən irəli gəlir. Belə ki, bu sobalar "Azəriqaz"a xəbər verilmədən naşı ustalar tərəfindən şəbəkəyə qoşulur və bunun da acı nəticəsini dadırlar".
Əvvəllər Yanğından könüllü mühafizə cəmiyyətinin fəaliyyət göstərdiyini xatırladan ekspertin bildirdiyinə görə, bu qurum tüstü bacalarına nəzarət edirdi. "Evi qızdıran sobaların tüstü bacaları ildə bir dəfə, su qızdıran sobaların (5 minutka) tüstü bacaları isə rübdə bir dəfə təmizlənirdi. Çəkməyən tüstü bacaları olan sobaların istifadəsinə icazə verilmirdi".
Qasımova görə, əksər dəm qazı zəhərlənmələri hamamxanalarda baş verir. "Hamamxananın həcmi hündürlüyü 3,2 metr olmaqla 7,5 kub metr olmalı və qapısı çölə açılmalıdır. Qapıda təmiz havanın daxil olması üçün 2,5 sm diametrində dəliklər olmalıdır. Ventilyasiya kanalı vasitəsi ilə içəridəki hava 1 saatda 3 dəfə dəyişdirilməlidir", - deyən həmsöhbətim bəzi adamların bu kanalları bağladıqlarını bildirir. Onun sözlərinə görə, hamamxananın təbii istilik mənbəyi, ventilyasiya kanalı və pəncərə gözlüyü olmalıdır. "Bu, mətbəxə də aiddir. Mətbəxin həcmi hündürlüyü 2,2 m olmaqla 15 kubmetr olmalıdır. Mətbəxin də ventilyasiya sistemi, pəncərə gözlüyü olmalıdır. Qaz sobaları olan otaqlarda divan-kreslo qoyub, günü həmin otaqda keçirmək olmaz. Amma bəzi adamlar İran sobaları quraşdırdıqları otaqda da yatırlar".
Həkim-terapevt Məlahət Abbasovanın sözlərinə görə, qazın tam yanmaması nəticəsində dəm qazı yaranır və bu da insanı zəhərləmək qabiliyyətinə malikdir. "Dəm qazı hava ilə ağ ciyərlərə daxil olur və qanın tərkibini dəyişdirir. Zəhərlənmə zamanı qanda olan oksigenlə dəm qazı birləşir və zəhərli olan CO qazı yaranır. Qan dövranında dəyişiklik yarandığına görə, beyində tənəffüs dayanır. Bu, çox tez bir zamanda baş verir. Dəm qazından zəhərlənmənin qarşısını almaq mümkün deyil".
M.Abbasovanın sözlərinə görə, qanda dəyişikliyin baş vermə prosesi tam olaraq həyata keçməyibsə, bu, insana kömək etmək mümkündür. Dəm qazının insan orqanizminə təsiri individualdır. Yəni burada dəm qazının miqdarı və insan orqanizminin gücü böyük rol oynayır. Dəm qazı 5-30 dəqiqə arasında insanı zəhərləyə bilir.
"İnsan yatdığı zaman zəhərlənirsə, bunu hiss edə bilmir. Yatmış insanlara sadəcə olaraq qazın spesifik iyi hiss olunur. Bunu da insanlar nadir hallarda hiss edə bilirlər. Bu qoxunu hiss edib, ayılan insanların həyatını qurtarmaq mümkün olur. Amma hissiyyatı zəif olanlar təəssüflər olsun ki, dəm qazının qurbanına çevrilirlər".
Həmsöhbətimə görə, dəm qazından zəhərlənmənin ilkin əlamətləri baş ağrısı, ürək bulanma, qarın ağrısı, baş gicəllənməsi, boğaz ağrısı və quru öskürəklə müşahidə olunur. Dəm qazından zəhərlənmə zamanı ilk olaraq, boğulan insanı açıq havaya çıxarmaq lazımdır. Təcili yardım gələnə qədər xəstənin ürəyi masaj edilir və ona ağızla süni nəfəs verilir. "Xəstənin dili qatlanıbsa, onu açmaq lazımdır. Dəm qazı təkcə tənəffüs sisteminə deyil, bütün orqanizmi məhv etmək gücünə malikdir. Çox zaman zəhərlənən insanlar yaddaşını da itirir. Amma uzun sürən müalicədən sonra onu geri qaytarmaq mümkün olur".
Milli.Az