Kənd sakini aktyorları soyğunçu sanıb, arxalarınca düşdü - FOTO

11 Dekabr 2019 10:39

İngiltərənin Dorset qraflığında Uinfrit Nyuberq kəndinin sakini çəkiliş qrupunun aktyorlarını mağaza soyğunçuları sayaraq onları saxlamağa cəhd edib.

Milli.Az ölkə.az-a istinadən bildirir ki, bu barədə "Daily Mirror" xəbər verib.

Məlumata görə, "Hard Road Films" kompaniyası "Perran" filmində səhnə çəkilişi üçün kiçik kənd mağazasını seçir. Soyğun səhnəsini oynamalı olan aktyorlar oğru kimi maskalanaraq "əsəbi" mağaza sahibindən qaçırlar.

Yerli sakinlərdən biri baş verənləri əsl qarət sayaraq, "caniləri" saxlamaq qərarına gəlir və "soyğunçuların" dalınca düşür.

Qeyd edək ki, kamera yolda park edilmiş avtomobildə gizlədildiyi üçün, yoldan keçənlər onu görməyiblər.

Çəkiliş qrupu vaxtında kişini saxlayaraq əslində film çəkildiyini izah edirlər.

"Perran" filminin 2020-ci ildə ekranlara çıxması planlaşdırılır.

Milli.Az