Yanğında 4 nəfər tüstüdən zəhərlənib, 13 nəfərə yardım göstərilib - YENİLƏNİB

10 Dekabr 2019 16:21

16:21

"EuroHome" tikinti materialları bazarında bu gün baş verən yanğınla bağlı Səhiyyə Nazirliyi rəsmi məlumat yayıb.

Milli.Az bildiir ki, məlumatda deyilir: "Tikinti materialları bazarında baş verən yanğınla əlaqədar hadisə yerinə 8 briqada cəlb olunub. Saat 16:05-ə olan məlumata görə, 8 nəfərə yerində yardım göstərilib, 4 nəfər tüstüdən zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə, bir nəfər əlin kəsilmiş yarası diaqnozu ilə Travmatologiya və Ortopediya İnstitutuna gətirilib. Hazırda ərazidə 2 Təcili Tibbi Yardım briqadası var".

Qeyd edək ki, bu gün səhər saatlarında Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən "EuroHome" tikinti materialları bazarında güclü yanğın olub. Yanğının söndürülməsinə FHN-in briqadaları, eləcə də 3 ədəd helikopter və bir ədəd təyyarəsi cəlb edilib.

-----------

10:52

"Eurohome" tikinti materialları bazarında baş verən yanğınla əlaqədar hadisə yerinə artıq 5 briqada cəlb olunub.

Bu barədə Milli.Az-a Səhiyyə Nazirliyindən məlumat verilib.

Məlumatda bildirilir ki, saat 10:45-ə olan məlumata görə hadisə nəticəsində tüstüdən zəhərlənən 6 nəfərə yerində yardım göstərilib: "2 nəfər tüstüdən zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə, bir nəfər əlin kəsilmiş yarası diaqnozu ilə Travmatologiya və Ortopediya İnstitutuna gətirilib".

--------

10:08

Bakı-Sumqayıt yolunda "Ekologiya postu" kimi tanınan ərazinin yaxınlığında olan tikinti materialları bazarında olan yanğın nəticəsində 2 nəfər tüstüdən zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə gətirilib.

Bu barədə Milli.Az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, tikinti materialları bazarında baş verən yanğınla əlaqədar hadisə yerinə artıq 5 briqada cəlb olunub:

"Saat 09:50-yə olan məlumata görə 2 nəfər tüstüdən zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə gətirilib".

---------

09:32

Səhiyyə Nazirliyi Bakı-Sumqayıt yolunda "Ekologiya postu" kimi tanınan ərazinin yaxınlığında olan tikinti materialları bazarında olan yanğınla bağlı son vəziyyəti açıqlayıb.

Milli.Az-a daxil olan məlumata görə, hadisə yerinə çağırış saat 08:18-də daxil olub:

"Hadisə yerinə 4 Təcili Tibbi Yardım briqadası yollanıb. Saat 09:15 üçün Təcili Tibbi yardım briqadalarına bir nəfər sahibkar müraciət edib. Ona yerində yardım göstərilib".

Milli.Az