«Luiziana alveri» - ABŞ Luiziananı Fransadan necə satın aldı – BİZNES TARİXİ

8 Dekabr 2019 21:35

Əgər dünya dövlətlərinə öz səhvlərini düzəltmək üçün keçmişə qayıtmaq təklif olunsaydı fransızlar şübhəsiz ki, 1803-cü ili seçərdilər. Doğrudan da Fransa Respublikasının tarixində ölkə rəhbərliyinin ən böyük səhvi məhz həmin il baş verib. 1803-cü ildə Fransa hökuməti özünün Amerika qitəsindəki nəhəng koloniyasını - Luiziananı yeni yaranmış dövlətə Amerika Birləşmiş Ştatlarına satmağa razılaşıb. Amerika tarixçiləri isə əksinə, təbii ki həmin ili ABŞ tarixində ən uğurlu dövrlərdən biri sayırlar.
Milli.Az fed.az-a istinadən indiyədək baş verəmiş ən böyük əmlak alqı-satqı müqaviləsinin detallarını təqdim edir.
ABŞ-ın yarısı böyüklükdə torpaq
İndiki Luiziana ştatından fərqli olaraq 19-cu əsrin əvvəlində Luiziananın sahəsi çox böyük idi və Meksikadan Kanadayadək uzanaraq ABŞ-ın bütün mərkəzi ərazisini tuturdu. Haqqında danışılan müqavilədən 40 il əvvəl - 1762-ci ildə Luiziana ərazisi İspaniyanın koloniyası oldu. Buradakı Yeni Orlean şəhəri isə öz uğurlu mövqeyi sayəsində Missisipi çayını - Amerikanın əsas ticarət yolunu nəzarətdə saxlayırdı. Başqa sözlə, Şimali Amerikanın əsas ticarət kanallarına ispanlar nəzarət edirdilər.
1795-ci ildə ABŞ-la İspaniya arasında bağlanan müqaviləyə görə, İspaniya amerikanlara Yeni Orlean limanı vasitəsilə ticarət etməyə, eləcə də Missisipi ilə yük daşımalarına icazə verdi. Amma cəmi 3 il sonra 1798-ci ildə İspaniya həmin müqaviləni birtərəfli qaydada dayandırdı və ABŞ vətəndaşları Yeni Orleandan ticarət etmək hüququndan məhrum edildilər. Bu artıq ABŞ hökumətini narahat etdi və rəsmi Vaşinqton vəziyyətdən çıxış yolu axtarmağa başladı.
Gizli San-İldefenso sazişi
Həmin dövrdə okeanın o tayında - Avropada maraqlı proseslər baş verirdi. İmperator Napoleonun başçılıq etdiyi Fransa bütün Avropaya meydan oxuyurdu. Davakar imperatordan çəkinən İspaniya özünün Amerikadakı torpaqlarını  - Luiziananı Fransaya verməyə məcbur oldu. Amma qərara alındı ki, bu gizli qalsın. 1800-cü ilin oktyabrüın 1-də İspaniyanın San İldefonso şəhərində İspaniya ilə Fransa arasında imzalanan məxfi müqaviləyə əsasən Luiziana Fransanın nəzarətinə keçdi, amma başqaları üçün bu İspaniya ərazisi olmalı idi.
"Qalib gələ bilmirsənsə, satın al"
Ticarət yolunun kəsilməsindən çıxış yolu axtaran ABŞ rəhbərliyi qərara gəlir ki, Yeni Orlean limanını və Missisipinin şərq sahilini pulla alsın. Bu barədə müzakirələr getdiyi vaxt Vaşinqton İspaniya ilə Fransa arasında məxfi müqavilə bağlanmasından xəbər tutur. Ona görə də, ABŞ bu məsələni Fransa ilə müzakirə etməyi qərara alır və ABŞ-ın Fransadakı o vaxtkı səfiri Robert Livinqston və əvvəlki səfir Ceyms Monro Parisə göndərilir. Fransa tərəfi amerikanların bu təklifini dərhal rədd edir. Napoleon Fransası güclü olduğuna görə, onunla mübahisə etmək mümkün deyildi. ABŞ Fransaya təzyiq edə bilmir, əvəzində diplomatik səyləri artırır.
ABŞ Fransanı hədələməyə cürət etmir
1802-ci ildə bu məsələyə Pyer Samuel Düpon da cəlb edilir. Tomas Ceffersonun yaxın dostu olan Düpon Fransa rəhbərliyində də yaxşı əlaqələrə malik idi. Ona görə də ABŞ prezidenti adından Napoleonla danışıqlara başladı. Fransanın güzəştə getmədiyini görən diplomat ABŞ-a Fransanı müharibə ilə hədələməyi məsləhət görür, amma Vaşinqtondan buna cürət etmirlər. Əvəzində, vəziyyət özü amerikanlara kömək edir.
Qullar və "sarı qızdırma" Fransanı sarsıdır
Həmin vaxt Fransanın Amerikadakı koloniyası olan San-Dominikedə qulların üsyanı başlayır. Napoleonun yaxın qohumu olan general Şarl Leklerkin rəhbərlik etdiyi qoşunlar üsyanı yatırmaqda aciz idi. Üsyan daha da böyüyür və iş o yerə çatır ki. bəzi fransız zabitləri də qulların tərəfinə keçir. Bir tərəfədən də "sarı qızdırma" fransız hərbçiləri arasında böyük tələfata səbəb olur, hətta general Leklerk də vəfat edir. Nəticədə Fransanın Luiziananı bütünlüklə itirmək təhlükəsi yaranır. Napoleon yaxşı başa düşür ki, ABŞ və ya Böyük Britaniya istəsələr Luiziananı asanlıqla işğal edə bilərlər - Fransanın buna mane olacaq gücü yox idi. Üstəlik, Avropanın özündə də Fransa Britaniya ilə müharibəyə hazırlaşırdı və Amerikaya əsgər göndərəcək halda deyildi. Nəhayət, qarşıdakı müharibə üçün Napoleona böyük məbləğdə pul lazım idi.
Cəmi 15 milyon dollara bütün Luiziana
Ona görə də rəsmi Paris Amerika ilə bağlı planlarına yenidən baxır və ABŞ-ın təklifinə müsbət cavab verməyi qərara alır. 1803-cü ilin aprelində Fransanın maliyyə naziri Fransua de Barbe-Marbua rəsmi olaraq ABŞ-ı məlumatlandırır ki, Fransa tərəfi Luiziananı satmağa hazırdır. Amerika nümaynədələri Fransanın təkcə Yeni Orleanı yox, bütün Luiziananı satmaq istədiyini bildikdə heyrətlənirlər. Məsələ bundadır ki, amerikanlar Yeni Orleana görə Fransaya 10 milyon dollar təklif edirdilər. Fransa isə cəmi 5 milyon dollar artıq məbləğə, yəni 15 milyona bütün Luiziananı təklif edirdilər. ABŞ dərhal təklifi qəbul edir. Luiziananın alqı-satqısı müqaviləsi aprelin 30-da hazırlanır və mayın 2-də Parisdə imzalanır. Müqaviləyə ABŞ tərəfindən R.Livinqston və C.Monro, Fransa tərəfindən isə maliyyə naziri Barbe-Marbua imza atır. ABŞ prezidenti bu müqavilə bağlı ölkə vətəndaşlarına iyulun 4-də məlumat verir, iyulun 14-də isə müqavilə Vaşinqtona gətirilir.
Luiziananın əleyhinə çıxan amerikanlar
Amma maraqlıdır ki, ABŞ-ın özündə Luiziananın alınmasına münasibət birmənalı olmadı. Amerikalıların bir hissəsi T.Cefersonu ikiüzlülükdə ittiham etməyə başladı. Bəziləri hökuməti Böyük Britaniyanı dəstəkləmək əvəzinə Fransanın tərəfini tutmaqda ittiham etdi, digərləri isə ödənilən məbləğin həddən artıq böyük olduğunu bildirirdi.
Mübahisələrə baxmayaraq ABŞ Senatı Luiziana müqaviləsini oktyabrın 20-də təsdiqləyir. Senatorların 24-ü müqavilənin lehinə, 7-si əleyhinə səs verir. Növbəti gün ABŞ prezidentinə alınmış ərazini nəzarətə göürmək və burada müvəqqəti hərbi hökumət yaratmaq və lazım gəlsə, hərbi qüvvədən istifadə etmək səlahiyyəti verir. Senatın qəbul etdiyi digər qanunla bu ərazidəki orqanlar üçün müvəqqəti qaydalar müəyyən edilir. Qanuna görə, hələlik ərazidə Fransa və İspaniya qanunlarına əməl edilməli idi. Eləcə də alınmış ərazilərin xəritələnməsi üçün işlər başlanır.
1803-cü ildə Fransanın dövlət idarələri Yeni Orleanı tərk edir, 1804-cü ilin martın 10-da isə Sent-Luis şəhərində Luiziana üzərində hüquqların Fransadan ABŞ-a keçməsinə həsr edilmiş mərasim təşkil edilir.
Fransanın pulu necə ödənildi?
Amerika hökuməti Luizianaya görə Fransaya pulu istiqraz formasında ödədi. Doğrudur, Böyük Britaniya ilə müharibə aparan Fransa əvvəlcə istiqrazları nə almaq, nə də dəyişdirmək istəyirdi. Amma ABŞ diplomatları vəziyətdən çıxış yolu tapdılar. Onlar Fransaya məsləhət gördülər ki, həmin istiqrazları Bratinyadakı Barinq bank evi və Amasterdamdakı Houp bankında dəyişdirsin. ABŞ tərəfi həmin bankların bu məsələ ilə bağlı razılığını da aldı. Fransa tərəfi təkliflə razılaşdı və ABŞ-dan gətirilən istiqrazlar dərhal həmin banklarda nağd pula çevrilərək Fransaya aparıldı.
Qeyd edək ki, alqı-satqı müqaviləsində 15 milyon ABŞ dolları göstərilsə də, bu pulun kreditlə alındığını və kredit faizlərini də nəzərə alanda Luiziananın alınması ABŞ-a 23 milyon 213 min 568 ABŞ dollarına başa gəlib. Alınan məbləğin 60 milyon frankı və ya təqribən 15 milyon dollar Fransa ilə ABŞ arasında hesablaşmalarda istifadə edildi. Bütün xərclər çıxıldıqdan sonra Fransa tərəfi 8 831 250 ABŞ dolları aldı.
Maraqlıdır ki, Luiziananın satışı ilə bağlı maliyyə sənədlərinin orijinalı 1995-ci ilədək Barinq bankının London ofisinin divarını bəzəyirdi.
Hektarı cəmi 11 sentə
"Luiziana alveri" ABŞ tarixidə ən uğurlu alqı-satqı əməliyyatlarından sayılır.
Müqavilə ilə ABŞ hökuməti 530 milyon akr və ya 2,1 milyon kvadrat kilometr torpaq aldı. Alınmış ərazinin nə qədər böyük olduğunu göstərmək üçün bircə onu demək kifayətdir ki, bu müqavilə ilə alınan ərazinin sahəsi ABŞ-ın o vaxtkı rəsmi ərazisindən 2 dəfə böyük idi. Vaxtilə pulla alınmış ərazidə indi ABŞ-ın 15 ştatı yerləşir! Bunlar: Arkanzas, Missuri, Ayova, Oklahoma, Kanzas, Nebraska, Minnesota ştatının cənubu, Şimali Dakotanın böyük hissəsi, Cənubi Dakota, Nyu-Meksikanın şimal-şərqi, Montananın böyük hissəsi, Vayominq ştatının bir hissəsi, Texasın şimalı, Kolorado ştatının şərq yarısı, nəhayət Luiziana ştatının bir hissəsi daxildir. ABŞ-ın bu torpaqlara 23,2 milyon dollar ödədiyini və alınan torpağın sahəsini nəzərə alanda Luiziananın hər hektarı ABŞ-a cəmi 11 sentə başa gəlib.
Torpağın hindulardan da almaq lazım gəldi
Amma torpaqların alınması hələ ondan normal istifadə etmək demək deyildi. Fransadan alınan torpaqlar dərhal Amerika hindliləri tərəfindən tutuldu. Nəticədə rəsmi hökumət hindlilərdən bu torpaqları pulla almağa başladı. İş o yerə çatdı ki, bu torpaqları almaq üçün hindlilərə ödənilən məbləğ Fransaya ödənilən pullardan artıq oldu. Amerikalı məmurlardan birinin dediyi kimi, ABŞ Fransadan bu torpaqların özünü yox, onları hindlilərdən pulla almaq hüququnu alıb.
ABŞ-ı güclü  dövlətə çevirən müqavilə
"Luiziana alveri" ABŞ tarixində, eləcə də ölkənin 3-cü prezidenti Tomas Ceffersonun siyasi karyerasında ən mühüm hadisə idi. Luiziananın alınması ABŞ ərazisinin kəskin böyüməsi ilə yanaşı, onun dünyadakı gücünü də təsdiqlədi. Təsadüfi deyil ki, R.Livinqston alqı-satqı müqaviləsini imzalayandan sonra bu sənədin ABŞ-ı dünyanın əsas dövlətləri sırasına çıxardığını bəyan etmişdi. Maraqlıdır ki, bu müqaviləyə razılıq verməzdən əvvəl T.Cefferson müqavilənin qanuni olub-olmamasından narahat idi. Belə ki, ABŞ Konstitusiyasında başqa ölkələrdən ərazi alınması barədə maddə yox idi. Amma sonradan bu məsələ yada düşmədi.
Dünyanın ən böyük əmlak müqaviləsi
Hazırda Amerika dünyada yeganə dövlətdir ki, ərazisinin 40%-ni başqa dövlətlərdən pulla alıb. Belə ki, 1803-cü ildə Luiziana alındıqdan sonra, 1867-ci ildə ABŞ hökuməti sahəsi 1,6 milyon kvadrat kilometr olan Alyaskanı da Rusiyadan satın alıb. Beləliklə ABŞ-ın 9,8 milyon kvadratkilometrlik ərazisinin 3,7 milyonu və ya təqribən 40%-i alqı-satqı müqaviləsi ilə əldə edilib. Fransanın ən böyük səhvi olan bu hadisə, dünyada həm də indiyədək baş vermiş ən böyük daşınmaz əmlak alqı-satqısı kimi qalıb. Bu rekord bir də təkrarlanmayacaq. Sadəcə ona görə ki, bu qədər ərazisi olan dövlətərin sayı həddən artıq azdır və onların heç biri belə addım atmaz.
Milli.Az