"Türkiyə millisinin ən böyük səhvi çox tez göylə getməsidir" - Biliç

7 Dekabr 2019 12:24

"Türkiyə yığmasının seçmə mərhələdə göstərdiyi performans əla idi. Komanda sıfırdan zirvəyə yüksəldi".

Milli.Az goal.az-a istinadən xəbər verir ki, bu sözləri "Vest Bromviç"in baş məşqçisi Slaven Biliç "Fanatik"ə açıqlamasında deyib.

Türkiyə millisinin Avro-2020-nin final mərhələsindəki şanslarını dəyərləndirən Beşiktaş-ın sabiq çalışdırıcısı Şenol Güneşin yaxşı komanda formalaşdırdığını bildirib: "Türkiyənin hazırda Avropa çempionatını səbirsizliklə gözlədiyini bilirəm. Komanda seçmə mərhələdəki səviyyəsini indi daha da yüksəltməlidir. Avro-1996-da futbolçu kimi Türkiyəyə qarşı oynamışam. Həmin vaxtdan bəri ilk dəfə gənc Türkiyə yığmasını görürəm. Məsələn, mərkəz müdafiəçilərinin biri "Yuventus"da, biri "Lester"də, biri "Şalke"də oynayır. Çağlar İngiltərədə oynadığı üçün onu daha çox izləmək imkanım olur. Əla iş görən Şenol Günəş üçün seçim etmək çətin olacaq. Çünki əlində yüksək səviyyəli heyət var".

Xorvatiyalı mütəxəssis "ay-ulduzlular"ın qrupdan çıxmaq şansını yüksək qiymətləndirməklə yanaşı türklərdə yersiz arxayınlaşma olduğunu da əlavə edib: "Təcrübəli futbolçularla gənclərdən ibarət əla bir komandanız var. Ancaq təvazökar olmaq, ayaqları yerə sağlam basmaq və yalnız oyunlara köklənmək önəmlidir. Çox çalışmaq və taktiki intizam vacibdir. Avro-2016-dakı oyundan dərs çıxarılmalıdır. Fransanı tarixində ilk dəfə məğlub edə bilərsiniz. Ancaq "İtaliyadan güclüyük" demək böyük səhv olar. Əlbəttə, Türkiyə İtaliyadan qorxmayacaq. Ancaq Türkiyə futbol ictimaiyyətinin ən böyük səhvi çox tez göylə getməkdir. A qrupu istənilən sürprizə açıqdır. Amma Türkiyənin növbəti mərhələ şansı çoxdur. Digər komandalardan isə İsveçrə önəmli oyunçulara malik kollektivdir. Uelsin Beyl başda olmaqla keyfiyyətli oyunçuları var. Bu səbəbdən düzgün köklənmək lazımdır".

Xatırladaq ki, Türkiyə millisi A qrupunda İtaliya, Uels və İsveçrə yığmaları ilə mübarizə aparacaq. "Ay-ulduzlular" iyunun 17-də Uels, iyunun 21-də isə İsveçrə ilə Bakı Olimpiya Stadionunda qarşılaşacaq.

Milli.Az