“Şərikli çörək”lə bağlı gizli fakt: Moskvanın mühüm qərarı

8 Dekabr 2019 16:09

Bu gün görkəmli rejissor Şamil Mahmudbəyovun (1924-1997) doğum günüdür.

Milli.Az Axar.az-a istinadən Şamil Mahmudbəyovla bağlı 10 faktı təqdim edir:

1. Ş.Mahmudbəyov 1943-cü ildə Böyük Vətən Müharibəsinin qanlı döyüşlərində iştirak edib. 1945-ci ildə ağır yara alıb, bir müddətlik cəbhədən uzaq düşsə də, yenidən hərbi hissəyə qayıdıb.

2. Rejissoru olduğu "Şərikli çörək" filminə görə Şamil Mahmudbəyova Azərbaycan SSR Dövlət Mükafatı verilib.

3. Onun "Şərikli çörək" filmi Sovet dönəmində İkinci Dünya müharibəsilə bağlı yaradılmış ekran işləri arasında ən yaxşı şəhər filmi kimi qiymətləndirilib.

4. Ş.Mahmudbəyov eyni zamanda aktyor kimi "Yenilməz batalyon" filmində Qaçaq Əlimərdan rolunu, Dağlıq Qarabağ münaqişəsinə həsr edilmiş "Fəryad" bədii filmində isə erməni Samvelin obrazını böyük ustalıqla ifa edib.

5. Uşaqlarla işləməyi çox sevən Şamil müəllim bəzən səhnələrin təbii alınması üçün onları hansısa yalan xəbərlərlə ağladırdı.

6. Ş.Mahmudbəyov 1966-cı ildə özünün yazdığı ssenari əsasında "Qaraca qız" kinonovellasını çəkib. Bu kinoalmanax 1967-cı ildə Tiflisdə Zaqafqaziya və Ukrayna respublikalarının I zona kinofestivalında diplom və prizə layiq görülüb.

7. Sənətkar "Şərikli çörək" filmini elə ustalıqla yaradır ki, bu ekran işinin sədası Avropadan eşidilir. Hətta filmdəki Qırçı Məhəmmədə (Fazil Salayev) İtaliyadan təklif də gəlir.

8. Deyilənə görə, "Şərikli çörək" filminə Bakıda aşağı qiymət verilib və bundan sonra Şamil Mahmudbəyovun ən azı 10 il bədii film çəkməkdən məhrum edilməsi məsələsi gündəmə gəlib. Lakin Moskva filmi yüksək qiymətləndirib və bu ehtimal aradan qalxıb.

9. Şamil Mahmudbəyovun "Divar" və "İnsan" adlı ekran işləri yarımçıq qalıb.

10. Ş.Mahmudbəyov "Romeo mənim qonşumdur", "Qaraca qız", "Həyat bizi sınayır", "Dərviş Parisi partladır", "Od içində" kimi məşhur filmlərimizin rejissoru olub.

Milli.Az