Deputat: "Parlament seçkilərinin keçirilməsi ölkədə aparılan uğurlu siyasətə xalq dəstəyinin bariz nümunəsi olacaq"

6 Dekabr 2019 11:59

"Azərbaycanda növbədənkənar parlament seçkiləri ölkədə aparılan islahatlara dəstək məqsədilə həyata keçirilir".

Milli.Az xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı Bəxtiyar Əliyev deyib.

B.Əliyev bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətin heç bir alternativi yoxdur: "Azərbaycan xalqının xöşbəxtliyi, firavan gələcəyi, torpaqlarımızın düşmənlərdən azad edilməsi, ərazi bütövlüyü və suverenliyimizin təmin edilməsi yalnız və yalnız Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi siyasətin və bu islahatların nəticəsində mümkündür. Ona görə yeniləşən və uğurla inkişaf edən Azərbaycanda parlament seçkilərinin keçirilməsi ölkədə aparılan uğurlu siyasətə xalq dəstəyinin bariz nümunəsi olacaq.

Ötən il cənab Prezident özü növbədənkənar seçkilərə gedərək həyata keçirilən islahatlara bir daha xalqın münasibətini bilmək istədi. Xalq yekdilliklə Prezident İlham Əliyevə səs verdi və bu siyasəti dəstəklədiyini bir daha bəyan etdi. Mən tam əminəm ki, Azərbaycan xalqı yenə də bu uğurlu siyasətə səs verəcək".

Müxalifətin növbədənkənar seçkilərlə bağlı səsləndirdiyi fikirlərlə bağlı deputat qeyd edib ki, radikal müxalifətin hər hansı uydurma fikirləri xalqın iradəsini qətiyyən ifadə etmir:

"Müxalifətin bu qolunun bacarıqsızlığını, səriştəsizliyini və Azərbaycan dövlətçiliyinə, milli maraqlarına qarşı həyata keçirdiyi hərəkətləri xalq qətiyyətlə pisləyir. Mən tövsiyə edərdim ki, özlərini müxalifət lideri adlandranlar heç olmasa bir dəfə də olsa milləti, dövlətçiliyi və milli maraqları düşünsünlər və bu gün müharibə vəziyyətində olan Azərbaycan üçün, dövlətçiliyin möhkəmləndirilməsi üçün heç olmasa konstruktiv bir addım atsınlar.

Onların parlament seçkiləri haqqında səsləndirdikləri hər hansı bir bəyanatın heç bir hüquqi əsası yoxdur və ola da bilməz. Çünki Azərbaycan demokratik, hüquqi bir dövlətdir. Sadəcə olaraq heç bir sosial dayağı olmayan və xalqın dəstəyini ala bilməyən radikal müxalifət seçkilərdəki uğursuzluğunu əvvəlcədən bilərək bu cür sərsəm bəyanatlar səsləndirməklə öz bacarıqsızlıqlarını ört-basdır etməyə çalışırlar".

Milli.Az