Yaponiyada xəstələnmiş uşaqlar məktəbə robot göndərir

10 Dekabr 2019 22:45

Yaponiyada bir məktəbdə dərsə gələ bilməyəcək qədər xəstə olan şagirdlər sinifə robot göndərir.

Milli.Az Sputnik-ə istinadən xəbər verir ki, paytaxt Tokionun şimalında olan Kasama şəhərindəki Tomobe-Hiqaşi məktəbində 31 oktyabrda həyata keçirilən pilot proqramda, xəstə şagirdlər öz yerlərində iştirak etməsi üçün sinifə robot göndərməyə icazə verilir.

Ori laboratoriyaları tərəfindən hazırlanan və Ori Hime adlandırılan robot, kiçik bir büst ölçüsündə və masa, sıra kimi səthlərdə dayana biləcək formada hazırlanıb. Qanada bənzəyən iki qolu olan robotun başında bir kamera var. Kamera sinifdən anlıq görüntüləri şagirdlərə ötürür.

Robotun qolları və kamerası bir planşet vasitəsilə uzaqdan idarə oluna bilir. Məsələn robotun başını fərqli istiqamətlərə baxacaq formada nizamlamaq və ona əl yelləmək, işarə etmək və ya alqışlamaq kimi sadə emosional jestləri etdirmək olar.

Şagirdlər, həmçinin mikrofona danışa bilən və Ori Hime səsi dinamiklər vasitəsilə sinifə çatdıra bilir.

Kanae Sudo adlı 11 yaşlı bir şagird xəstəxanada olanda robotdan elm sərgisində iştirak etmək üçün istifadə etdiyini söyləyib. Asahi Şimbun qəzetinə danışan Kana, belə deyib: "Robotu baxmaq istədiyim yerlərə doğru çevirmək mənə xoş idi".

Məktəb əvvəllər bunu sabit kameralarla sınamışdı, ancaq mənzərəni idarə edə bilən və robota jest etdirə bilən şagirdlərin daha yaxşı nəticələr əldə etdiyini müşahidə edib.

"Robotları idarə etmək asandır. Şagirdlər həqiqətən də dərsə qatıldıqlarını hiss edirlər. Bu proqramı daha geniş miqyasda həyata keçirməyi düşünürük", - deyə məktəbin direktor müavini Noboru Taçi bildirib.

Milli.Az