Kür su nə deməkdir və həcmi nə qədərdir?

10 Dekabr 2019 23:55

Şəriətə görə, sular beş qismə bölünür: kür su, az su, axar su, yağış suyu və quyu suyu. Nəcasətə bulaşmış əşyanı pak etmək baxımından bu suların hökmü fərqlidir.

Milli.Az islam.az-a istinadən bildirir ki, məsələn, kür su, onun rəngini, iyini və dadını dəyişməyəcək miqdarda nəcasətlə təmasda olsa, yenə pak hökmündədir. Yəni kür suyun içinə düşən nəcasət onun rəngini, iyini və dadını dəyişmirsə, kür su pakdır. Eləcə də, kür su, onun içinə düşmüş nəsacətə bulaşıq əşyanı da pak edər. Kür su anlayışının Kür çayı ilə heç bir əlaqəsi yoxdur; bu, dini termindir. Kür suyun miqdarı barədə risalələrdəki məlumatlar fərqlidir. Bəzi müctəhidlər eni, uzunu və dərinliyi 3,5 qarış həcmindəki suyu kür su hesab etmişlər. Bu ölçünü 3 qarış qeyd edənlər də var. Kür suyun dəqiq kütləsini risalələrdə 377,4 litr ilə 384 litr arasında qeyd etmişlər. Yəni bu və bundan artıq miqdarda su kür su adlanır.

Milli.Az