DYP avtomobil şüşələrinin tündləşdirilməsi normalarını açıqladı

15 Aprel 2010 18:38
İdarədən Millli.Az xəbər portalına verilən məlumata görə, "Yol Hərəkəti Haqqında" Azərbaycan Respublikası Qanununun 1 saylı Əlavəsində sürücünün görünüş dairəsini məhdudlaşdıran, şüşənin şəffaflığını korlayan hər hansı formada və ölçüdə örtüklər (plyonka, pərdə) çəkilməsi nəqliyyat vasitəsinin istismarının qadağan edilməsinə əsas olan nasazlıqlar kimi müəyyən edilib. Bu Qanunun tələblərinə əsasən işıq buraxma qabiliyyəti dövlət standartının tələblərinə uyğun olan, yalnız sənaye üsulu ilə hazırlanan rəngli şüşələrin tətbiqinə icazə verilir.

Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin AZS 122-2004 saylı standartına əsasən minik avtomobillərində sürücü üçün görünüşü təmin edən şüşəsinin işıqburaxma qabiliyyəti aşağıda göstərilən hədlərdən aşağı olmamalıdır:

Küləyə qarşı şüşələr (alın şüşəsi) üçün - 75 %
Küləyə qarşı olmayan qabaq yan şüşələr üçün - 70 %
Küləyə qarşı olmayan arxa yan şüşələr üçün - 60 %

Avtomobillərin arxa şüşəsinin işıqburaxma qabiliyyəti isə sürücünün salondan arxa görüşünü təmin etmək şərti ilə normallaşdırılmır. 

Milli.Az