Sərhədsiz dəb! Bakıda sağlamlıq imkanları məhdud uşaqların dəfiləsi keçirildi - FOTO

4 Dekabr 2019 18:19

Heydər Əliyev Fondunun təşəbbüsü ilə tikilmiş 11 saylı xüsusi təhsil məktəbinin yeni binasında sağlamlıq imkanları məhdud uşaqların iştirakı ilə dəfilə keçirilib.

Milli.Az xəbər verir ki, dəfilə "Ümid var" İctimai Birliyi və Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSIA) dəstəyi ilə Azərbaycan Milli Geyim Mərkəzi və Gülnarə Xəlilovanın Moda Evi və Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən təşkil edilib. Tədbir Beynəlxalq Əlillər Gününə həsr olunub. Qonaqlar arasında ictimai xadimlər, mədəniyyət və elm, yaradıcı intelligensiya nümayəndələri və gənclər olublar.

AQSİA-nın Sosial iş üzrə komissiyasının rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilova bildirib ki, dövlət sağlamlıq imkanları məhdud uşaqlara xüsusi diqqət və qayğı göstərir, onların cəmiyyətə inteqrasiya olunmaları, yaradıcılıq potensiallarının üzə çıxarılması və reallaşdırılması üçün hər cür şərait yaradılır: "Dəb sərhədsiz olmalıdır və belə tədbirlər ətrafdakı həyatı dəyişir, onu mehribanlıq və anlayışla zənginləşdirir, bir çox ürəyə yol tapır". Dəfilənin keçirilməsinə görə Gülnarə Xəlilovaya təşəkkürnamə təqdim edilib.

Moda nümayişində 14 uşaq iştirak edib, üstəlik Gülnarə Xəlilovanın kolleksiyasından olan libaslar məktəbin yetirmələrinə hədiyyə edilib. Qonaqlara, həmçinin "Biz cəmiyyətin ayrılmaz hissəsiyik" adlı konsert proqramı təqdim edilib.

Milli.Az