Brilliantdan Röyaya cavab gecikmədi: "Məni görəndə "sənətkarımsan" deyir..." - YENİLƏNİB

3 Dekabr 2019 18:02

18:02

Xalq artisti Brilliant Dadaşova həmkarı Röya Ayxanla bağlı mediaya video-müraciət yayıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, müğənni həmkarının sözlərindən incidiyini gizlətməyib:

"Bayaqdan zəng vururlar, hamıya ayrı cavab vermirəm. Röyadan bunu heç vaxt gözləməzdim. Publikaya oynamaq yaxşı şey deyil. Röya bu mövzunu bilmirsə, deyərdi ki, xəbərim yoxdur. Xəbərdar olmadığın nədənsə danışmaq olmaz. Vətənpərvərlik hissləri ilə oynamaq yaxşı bir şey deyil. Qarabağ hamımızın yaralı yeridir. Qarabağlı deyiləm, amma azərbaycanlıyam.

Qarabağda döyüş bölgələrində dəfələrlə əsgərlərə mənəvi dəstək olmuşam. Lazım olan yerdə mübahisə etmişəm. Amma həkim olsaydım, müharibə şəraitində xəstə əsgər gətirsəydilər, müalicə edərdim. Diplomat olsaydım, masada oturub müharibə şəraitində olduğumuz dövlətlə söhbət edərdim.

Biz musiqidəyik. Bizim "Tərəkəmə", "Vağzalı" kimi musiqilərimizi yüksək səviyyədə dünyaya göstərirsə, ona "super" deyərəm. Bəlkə çox sənət insanlarının bizim xalq havalarından, mədəni irsimizdən xəbəri yoxdur. Mən Hüseyn Ərəblinskinin, Hökümə Nəcəfovanın, Süleyman Dadaşovun, Məlik Dadaşovun ailəsindənəm. Mənim üçün mədəni dəyərlər böyükdür.

Ailəmdən beş şəhid var. Röyaya görə məyus oldum, gözləmirdim. Məni görəndə "sənətkarımsan" deyən adamdan bunu gözləməzdim".

Qeyd edək ki, Röya "3D" verilişində Dadaş Dadaşlinskinin suallarına "Onda niyə şərhi sonra pozdu? Deməli, öz etdiyinə inanmaq istəmədi. Nə qədər desək də, musiqinin milliyəti yoxdur... Danışmadığım müğənninin mahnısını zümzümə edərəm. Amma millətimi incidənə "super" yazmaram.

Çünki mən qarabağlıyam, nəslim yurdundan ayrı düşüb, hamısının əziyyətini çəkirəm. Hələ bu qədər əziyyət qabağında "super" yazacam? Heç vaxt, istəyir mahnımı gözəl oxusun. Brilliant xanımla bu barədə razı deyiləm, bundan sonra da olmaram. Fikrini deyib, sonra, pozub" cavabını vermişdi.

---------
15:48

Xalq artisti Röya Ayxanın "3D" proqramında həmkarı Brilliant Dadaşovanın fikirlərinə qarşı çıxması tərəflər arasında gərginliyin yaranması ilə nəticələnib. 

Milli.Az xəbər verir ki, R. Ayxanın sözügedən verilişdə "Mənə maraqlıdır, Brilliant xanım daha sonra erməni musiqiçiyə yazdığı "super" şərhini niyə pozdu? Deməli, o, öz etdiyinə inanmaq istəmədi. Biz nə qədər danışsaq da, mənim millətimi incidənlərə "super" yaza bilmərəm. Qarabağlıyam, bütün nəslim öz vətənindən uzaq düşüb, onların əziyyətini çəkirəm. Bu qədər problemin arasında onlara "super" yazacam? İstəyirsə, mahnımı əla oxusun! Amma belə etmərəm",- deyib.

Dadaşova isə big.az-a açıqlamasında şərhi silmədiyini, Röyanın efirdə çıxışı ilə tanış olduqdan sonra şəxsi münasibətini açıqlayacağını qeyd edib.

Xalq artisti bir neçə saat sonra instaqram səhifəsində yeni layihəsinin görüntülərini paylaşaraq ad çəkmədən söz atıb. İddia olunur ki, Dadaşova həmin fikirlərini Röyaya şamil edib: "Səhnəyə çıxdığım ilk gündən bu günədək təriflədiyim hər kəs fürsət tapıb kölgəmi qılıncladı. Mən də hər zaman musiqilərimə, sənətimə və sizə güvənərək təsəlli tapdım"

Milli.Az