Sintetik narkotiklərin qəbulu nəyə səbəb olur?

8 Dekabr 2019 21:55

Yeniyetmələr arasında narkotik istifadəçilərinin sayı getdikcə artır.

Milli.Az-ın xəbərinə görə, bunu Respublika Narkoloji Mərkəzinin direktoru Araz Manuçeri Lalei APA TV-nin "Sosium" proqramında deyib.

Mərkəzi direktoru bildirib ki, həftədə təkcə ona müraciət edən xəstələrin arasında ən azı 2-3 nəfər 12-13 yaşlılar olur: "Artıq onların arasında qızlar da var. Təkcə mənə həftədə 2-3 yeniyetmə ilə bağlı müraciət olunursa, yəqin ki, başqa həkimlərdə də vəziyyət belədir. Bu da onu göstərir ki, yeniyetmələr arasında narkotik istifadəçilərinin sayı artır. Bu saya baxaraq gələcəkdə bizi nə gözlədiyini proqnozlaşdıra bilərik".

Onun sözlərinə görə, çox zaman yeniyetmələr və onların valideynləri narkotik istifadəsinin necə böyük bəla olduğunu bilmirlər: "Onlar deyir ki, aptekdə satılırsa, üstündə dərman yazılıbsa, dozası varsa, deməli dərmandır. Adamların çoxu öyrəşib ki, narkotik iynə, şpris deməkdir. Amma müasir dövrdə narkotiklərin çoxu toz şəklindədir. Məni bu gün daha çox narahat edən sintetik narkotiklərin istifadəsidir. Sintetik narkotiklər-şüşə, kokos, sintetik marixuana 3-4 dəfə istifadədən sonra psixi və fiziki asılılıq, 3-4 ay sonra ağır psixoz yaradır".

Onun sözlərinə görə, ötən il narkotikdən zəhərlənib ölənlərin sayı 1000-ə yaxın olub.

Milli.Az