Son iki ildə Balkan marşrutu ilə Avropaya 45 mindən çox qaçqın daxil olub

2 Dekabr 2019 22:26

2015-ci il qaçqın və miqrasiya böhranından sonra Avropa ölkələri qeyri-qanuni miqrant axınının önünü əhəmiyyətli şəkildə alsalar da, hazırda Balkan marşrutu ciddi problemə çevrilməkdədir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu ilin əvvəlindən noyabr ayınadək 14 min qaçqın Sloveniya sərhədlərini qeyri-qanuni şəkildə keçib. Bununla da bu ölkə vasitəsilə Şengen məkanına daxil olan qaçqınların sayı ötən ilin eyni dövrü ilə müqayisədə 72 faiz artıb. Qaçqınların əksəriyyəti Əlcəzair, Əfqanıstan, Suriya və İran vətəndaşları olub.

Sloveniyanın Baş Naziri Maryan Şarets Balkan ölkələrini sərhədlərin mühafizəsinə diqqəti artırmağa çağırıb. O, çıxışında sloven əsgər və polislərin Aİ sərhədlərini qonşu ölkələrlə müqayisədə daha yaxşı qoruduqlarını deyərək, Xorvatiyaya üstüörtülü mesaj göndərib. Bu ilin əvvəlindən 9653 qaçqını Xorvatiyaya geri qaytaran Sloveniya bir sıra hüquqi-siyasi məsələlərdə olduğu kimi, qaçqın və qeyri-qanuni miqrasiya məsələlərində də qonşusu ilə dil tapa bilmir.

Qeyd edək ki, son iki il ərzində Balkan ölkələrinin ərazisindən keçən iki mühüm marşrut üzrə 52 mindən çox qaçqın Mərkəzi və Qərbi Avropa ölkələrinə getmək üçün Bosniya və Herseqovinayadək hərəkət edib. 2018-ci ilin əvvəlindən indiyədək artıq 45 min nəfər Şengen məkanına daxil ola bilib. Qeyri-qanuni miqrasiyaya qarşı mübarizədə (sərhədlərin mühafizəsi, patrul xidmətlərinin təşkili və qaçqınların yerləşdirilməsi) əsas maliyyə və əməliyyat yükü Sloveniya və Xorvatiyanın üzərinə düşür.

Milli.Az