2020-ci ildə smartfon bazarının 14%-i “5G” cihazların payına düşəcək

3 Dekabr 2019 07:31

Qlobal smartfon bazarında 3 illik azalmadan sonra Çinin "5G" sahəsində iddialı planları sayəsində 2020-ci ildə artım müşahidə olunacaq. "IDC" analitik şirkətinin proqnozuna görə, qurğuların tədarükü 1,5% artaraq 1,4 milyardı ötəcək.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, həmçinin gələn il "5G" dəstəkli 190 milyon smartfonun satışa çıxarılacağı gözlənilir ki, bu da ümumi tədarük həcminin 14%-i deməkdir. Proqnoz doğru olduğu halda "5G" qurğular populyarlıq baxımından "4G" smartfonları xeyli ötəcək: birinci il "4G" qurğuların tədarük həcmindəki payı yalnız 1,3% təşkil etmişdi.

"Çinin "5G" qurğuların satış həcminə görə aparıcı bazara çevriləcəyinə heç bir şübhə yoxdur. Ancaq ABŞ, Koreya, Böyük Britaniya və Kanada kimi başqa ölkələr də 2020-ci ildə "5G" cihazların satışına öz töhfələrini verəcəklər" - "IDC" analitik şirkətindən bildirilib.

Milli.Az