Məzuniyyət haqqının hesablanması qaydası

30 Noyabr 2019 20:35

Ödənişli məzuniyyətə çıxan işçiyə orta əmək haqqı (məzuniyyət haqqı) hesablanaraq ödənilir. İşçiyə məzuniyyət vaxtı üçün orta əmək haqqı məzuniyyətin başlanmasına ən geci 3 gün qalmış ödənilməlidir. Əmək müqaviləsində kollektiv müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, məzuniyyət vaxtı üçün orta əmək haqqı müəyyən səbəbdən məzuniyyət başlanandan sonra ödənilmişdirsə, işçinin tələbi ilə məzuniyyətin başlanma vaxtı əmək haqqının faktik olaraq verildiyi gündən hesablanıla bilər. Nəzərə alın ki, vaxtında ödənilməyən məzuniyyət haqqına görə müəssisə AR İnzibati Xətalar Məcəlləsinin 192-ci maddəsinə əsasən: İşçi nin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə vəzifəli şəxslər 700 manatdan 1500 manatadək məbləğdə cərimə edilir.

Milli.Az kriptoinvest.az-a istinadən bildirir ki, məzuniyyət haqqı işçinin orta əmək haqqısı əsasında hesablanır. Orta əmək haqqının hesablanması qaydası AR Əmək Məcəlləsinin 140-cı maddəsində verilibdir. Məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı onun hansı iş ili üçün verilməsindən aslı olmayaraq məzuniyyətin verildiyi aydan əvvəlki 12 təqvim ayının orta əmək haqqına əsasən müəyyən edilir.

o-work-office-vacation-facebook.jpg

Məzuniyyət günlərinin əmək haqqını müəyyən etməkdən ötrü məzuniyyətdən əvvəlki 12 təqvim ayının əmək haqqının cəmlənmiş məbləğini 12-yə bölməklə orta aylıq əmək haqqının məbləği tapılır və alınan məbləği ayın təqvim günlərinin orta illik miqdarına - 30,4-ə bölmək yolu ilə bir günlük əmək haqqının məbləği müəyyən edilir. Bu qayda ilə müəyyən edilmiş bir günlük əmək haqqının məbləği məzuniyyətin müddətinin təqvim günlərinin sayına vurulur.

Orta aylıq əmək haqqı = məzuniyyətdən əvvəlki 12 təqvim ayının əmək haqqının cəmlənmiş məbləği / 12

Bir günlük əmək haqqı = orta aylıq əmək haqqı / 30.4

Məzuniyyət haqqı = Bir günlük əmək haqqı * Məzuniyyət günləri

Misal.

İşçi 01.09.2016 tarixindən əmək müqaviləsi ilə işə gəbul edilib. İşçi birinci iş ilinə düşən əmək məzuniyyətinə çıxmaq üçün 25.05.2017 tarixində ərizə ilə müraciət edib ki, ona 01.06.2017 tarixindən 21 gün əmək məzuniyyəti verilsin.

İşçinin son 12 ay aldığı əmək haqqı aşağıdakı cədvəldəki kimi olmuşdur:

Tarix Ödənilmiş məbləğ
Sentyabr 2016 1 400
Oktyabr 2016 1 400
Noyabr 2016 1 400
Dekabr 2016 1 600
Yanvar 2017 1 600
Fevral 2017 1 600
Mart 2017 1 600
Aprel 2017 1 600
May 2017 1 600
Cəmi 13 800

Beləliklə, işçi 9 ay işləyib və məzuniyyətə çıxıb. İşçinin məzuniyyət haqqını hesablayaq.Orta aylıq əmək haqqı = (13 800)/9 = 1 533.33 manat

Bir günlük əmək haqqı = 1 533.33 / 30.4 = 50.44 manat

Məzuniyyət haqqı = 21 * 50.44 = 1 059.24 manat

Nəzərə alın ki, məzuniyyət günlərinin sayı təqvim günləri ilə hesablanır. Əmək məzuniyyəti dövrünə təsadüf edən iş günü hesab olunmayan bayram günləri məzuniyyətin təqvim günlərinə daxil edilmir və ödənilmir. Sadəcə məzuniyyət dövründən sonrakı günlərə məzuniyyət bayram günləri miqdarında uzadılır.

Məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması zamanı nəzərə alınan və alınmayan ödənişlərin geniş siyahısı, habelə məzuniyyət vaxtı üçün orta əmək haqqının əmsallaşdırılması qaydası AR Nazirlər Kaninetinin 25.08.1999-cu il tarixli 137 nömrəli Qərarına əsasən müəyyən edilir.

      Məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması zamanı nəzərə alınan və alınmayan ödənişlər.

Nəzərə alınan ödənişlər:

Nəzərə alınmayan ödənişlər:

Məzuniyyət vaxtı üçün orta əmək haqqının əmsallaşdırılması Qaydası.

Məzuniyyət vaxtı üçün hesablanmış orta əmək haqqı qanunvericilikdə nəzərdə tutulmuş qaydada əmsallaşdırılıb ödənilməlidir. Məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı aşağıdakı qaydada əmsallaşdırılır:

Orta aylıq əmək haqqı = ((ƏH1*Ə1+ƏH2*Ə2+...)+ƏH)/N

Burada, ƏH1, ƏH2, ... - tarif (vəzifə) maaşlarının sonuncu kütləvi artımından əvvəlki ayrı-ayrı artım dövrlərində işçinin əmək haqqının cəmi;

ƏH - tarif (vəzifə) maaşlarının sonuncu kütləvi artımından sonrakı aylar üzrə işçinin əmək haqqının cəmi;

Ə1, Ə2, ... - son kütləvi artımından sonra tarif (vəzifə) maaşının əvvəlki artım dövrlərində tarif (vəzifə) maaşlarına olan nisbətdən alınan təshsih əmsalları;

N - məzuniyyət haqqı hesablanarkən nəzərə alınan ayların sayı.

Məzuniyyət vaxtı üçün orta əmək haqqı əmsallaşdırılarkən tarif (vəzifə) maaşına faizlə (əmsalla) müəyyən edilməyən əlavələr əmsallaşdırılmır.

Qanunvericilikdə müəyyən olunmuş tarif (vəzifə) maaşları büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda kütləvi şəkildə artırıldıqda və ya təsərrüfat hesabı müəssisələrdə kollektiv müqavilənin şərtlərinə əsasən tarif (vəzifə) maaşları kütləvi şəkildə artırıldıqda orta əmək haqqının əmsallaşdırılması hazırkı qaydada əsasən həmin müəssisə, idarə və təşkilatlarda müstəqil surətdə aparılır.

Misal.

İşçi büdcədən maliyyələşən müəssisədə çalışır və 01 oktyabr 2011-ci il tarixindən AR Prezidentinin müvafiq sərəncamıyla büdcədən maliyyələşən təşkilatlarda çalışan işçilərin əmək haqları orta hesabla 10% artırılmışdır. Əmək Məcəlləsinə əsasən işçiyə 56 gün məzuniyyət verilməlidir. Məzuniyyət haqqının hesablanmasına baxaq.

İşçinin son 12 ay aldığı əmək haqqı aşağıdakı cədvəldəki kimi oluşdur:

Tarix Ödənilmiş məbləğ
İyul 2010 400
Avqust 2010 400
Sentyabr 2010 400
Oktyabr 2010 440
Noyabr 2010 440
Dekabr 2010 440
Yanvar 2011 440
Fevral 2011 440
Mart 2011 440
Aprel 2011 440
May 2011 440
İyun 2011 440
Cəmi 5 160

Beləliklə,ƏH1 olacaqdır: 1200(400+400+400)

ƏH olacaqdır: 3960(440+440+440+440+440+440+440+440+440)

Ə1 olacaqdır: 1.1(440/400)

Orta aylıq əmək haqqı = (1200*1.1+3960)/12=440 manat

Bir günlük əmək haqqı = 440 / 30.4 = 14.47 manat

Məzuniyyət haqqı = 56 * 14.47 = 810.32 manat

01

Məzuniyyəti nə vaxt götürmək sərfəlidir?

Adətən çoxlarımız düşünürük ki, məzuniyyət üçün bizə hesablanan məzuniyyət haqqı aldığımız əmək haqqına bərabər olacaqdır. Lakin, bu tam düşündüyümüz kimi deyil. Bəzən məzuniyyət götürdüyümüz ayda aldığımız əmək haqqı az, bəzən isə çox ola bilər.

Məzuniyyət bir neçə hallarda bizim üçün sərfəli ola bilər:

İstirahətinizin uzun olmasını istəyirsinizsə: İstirahət günlərinizi uzadmaq istəyirsinizsə, yanvar və ya mart bayramlarından istifadə edə bilərsiniz. Çünki, məzuniyyətin müddəti bayram günlərinə təsadüf edən məzuniyyət günləri miqdarında uzanacaq. Bundan başqa, məzuniyyəti bazar ertəsindən cümə gününə kimi, 5 təqvim günü müddətinə götürə bilərsiniz. Belə olduqda, 9 gün istirahət edə biləcəksiniz (dörd istirahət gününü nəzərə alaraq).

Məzuniyyət haqqı məbləğinin yüksək olmasını istəyirsinizsə: Alacağınız məzuniyyət haqqı məbləğinin yüksək olmasını istəyirsinizsə, məzuniyyətinizi istirahət günlərinə salın. Çünki məzuniyyət haqqı hesablanarkən istirahət günləri də məzuniyyətin təqvim günlərinə daxil edilir və ödənilirlər. Qalan bəzi hallarda da məzuniyyət haqqında əlavə qazanc əldə etmək olar, bu da asılıdır ondan ki, məzuniyyət dövrünə qeyri iş günü olan bayram günləri daxildir və ya yox, və məzuniyyətə çıxdığı ayda işçi neçə gün işləmişdir.

Qeyd edək ki, qeyri-iş günləri 2 cür olur: istirahət günləri (şənbə və bazar) və bayram günləri.

İşçinin məzuniyyətə çıxdığı ayda işçiyə ödənilən haqq iki hissədən ibarət olur:

İşlənmiş günlərin sayına görə hesablanan əmək haqqı

İşlənmiş günlərin sayına görə əmək haqqı aylıq əmək haqqı məbləğinin müvafiq aydakı iş günlərinin sayına bölməklə və alınan gündəlik əmək haqqının işlənmiş günlərin sayına vurmaq ilə müəyyən edilir.

Misal üçün, ən az iş günləri 2017-ci ilin yanvar, mart və iyun aylarındadır. Ona görə, bu aylarda hər iş gününə düşən əmək haqqı başqa aylarda olan iş günlərinə nisbətən daha "bahalıdır".

Ən "ucuz" iş günü bayramları olmayan və eyni zamanda 31 təqvim günü olan aylardadır.

Misal üçün, işçinin aylıq əmək haqqısı 800 manatdır. Əgər 2017-ci ilin avqust ayında 23 iş günü vardırsa, o zaman, avqust ayında hər iş gününün "qiyməti" 34.78 manat (800/23) olacaqdır. Və əgər 2017-ci ilin mart ayında 17 iş günü varsa, o zaman, hər iş gününün "qiyməti" 47.06 manat (800/17) olacaqdır.

Məzuniyyət haqqı

Məzuniyyət haqqı iş günləri əsasında deyil, təqvim günləri əsasında hesablanır. Məzuniyyət haqqı hesablanarkən bir günlük əmək haqqı ayın təqvim günlərinin orta illik miqdarına - 30.4 günə (365/12) bölməklə hesablanır. Bu 30.4 gün isə hər hansı bir ayda olan iş günlərinin sayından daha çoxdur (iş günlərinin sayı maksimum 23 gün ola bilər). Bu o deməkdir ki əmək haqqı dəyişməz qalarsa, məzuniyyət haqqı bütün aylarda eyni olacaqdır. İşlənmiş günlərin sayına görə əmək haqqı isə iş günlərinin sayı çox olan aylarda daha çox olacaqdır. Məzuniyyət haqqının yüksək olması üçün məzuniyyəti bayram və istirahət günləri az olan və iş günləri çox olan ayda götürmək sərfəlidir. Bayram və istirahət günlərinin sayı hər il müxtəlif aylarda eyni olmur və hər il dəyişir. Misal üçün, Qurban və Ramzan bayramlarının günləri təqvimdə "hərəkət edir" və hər il müxtəlif aylara düşə bilər.

Milli.Az