Ümumdünya Əqli Mülkiyyət Təşkilatının ekspertləri Bakıdadır
15 Aprel 2010 17:00
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Milli.Az xəbər portalına daxil olan məlumata görə, ekspertlər Komitənin sədri Ramiz Həsənovla görüşüblər. Görüşdə ÜƏMT-nin ekspertləri Serqey Zotin və Ron Marçant Azərbaycanda əqli mülkiyyət hüquqlarının qorunması sahəsində çox böyük işlərin görüldüyünü deyiblər. Qonaqlar Ümumdünya Əqli Mülkiyyət Təşkilatı ilə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin əməkdaşlığından razılıq ifadə edib, əqli mülkiyyət üzrə milli strategiyanın hazırlanması istiqamətində köməklik göstərəcəklərini vurğulayıblar.
İki günlük səfər çərçivəsində ÜƏMT-nin ekspertləri Serqey Zotin və Ron Marçant Daxili İşlər Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Dövlət Gömrük Komitəsi, Ali Məhkəmə, Müəllif Hüquqları Agentliyi və Milli Elmlər Akademiyasında görüşlər keçirəcək, milli strategiyanın hazırlanması istiqamətində müzakirə aparacaqlar.
Xatırladaq ki, əqli mülkiyyət sahəsində milli strategiyanın hazırlanması məsələsi Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi sədrinin ötən ilin sentyabr ayında İsveçrədə ÜƏMT-nın baş direktoru Frensis Qarri ilə görüşü zamanı razılaşdırılıb.
Milli.Az