Əziz Yıldırım azadlığa çıxır?
17 Noyabr 2011 14:51
Türkiyədə danışılmış oyunlar və stimullaşdırmaya qarşı qanunun 6 maddəsində dəyişikliyin edilməsinə dair təkliflər Türkiyə Böyük Millət Məclisinə (TBMM) təqdim olunub.
Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Klublar Birliyinin hazırladığı təklifləri TBMM-də deputat qrupu olan 4 partiya müsbət qarşılayıb.
Təkliflər qrup sədrləri Nurettin Canikli (AKP), Emine Ülker Tarhan (CHP), Mehmet Şandır (MHP) ve Hasip Kaplanın (BDP) ortaq imzaları ilə TBMM-ə göndərilib. Hazırda qüvvədə olan qanuna əsasən, danışılmış oyuna gedənlərə 5 ildən 12 ilədək həbs cəzası verilir. Yeni təkliflərdə cəzanın 1 ildən 3 ilə qədər endirilməsi göstərilir. Əgər 1-dən artıq oyunun danışılmış olması üzə çıxarsa, Türkiyə Cinayət Məcəlləsinin zəncirvari cinayət hökmləri 1 cəzaya endiriləcək.
Bu cinayətlərlə əlaqədar haqqında təhqiqat işi başladılanların istintaqın sonunadək idarəetmə fəaliyyəti qadağan olunacaq, hökm verildikdən sonra onların klubla əlaqələri kəsiləcək. Yeni təkliflər bütün həbs cəzalarının müddətinin azaldılmasını nəzərdə tutur. Təklif olunan dəyişikliklərin TBMM-də 2011 ilin sonunadək həyata keçməsi və yeni ilə yeni qanunla girilməsi nəzərdə tutulub.
Qeyd edək ki, təkliflər qəbul olunarsa, hazırda həbsdə olan "Fənərbağça" klubunun prezidenti Əziz Yıldırım və Türkiyənin digər futbol adamlarının cəzası yüngülləşdirilə və ya onlar azadlığa buraxıla bilər.
Milli.Az