Mercedes-Maybach GLS debüt edib - FOTO

14 Dekabr 2019 23:30

Los Ancelesdə Mercedes-AMG GLS 63 modelinin debüt etdiyi bir vaxtda, dünyanın o başında - Çində dəbdəbəli Mercedes-Maybach GLS 600 modelinin təqdimatı keçirilib Dörd il bundan öncə Maybach müstəqil statusunu itirərək subbrendə çevrilib. Məhz bundan sonra Maybach markasına uğur nəsib olub. Hazırda dünyada satılan hər yeddinci S-Class sedanı Maybach emblemini daşıyır. Satılan Maybach sedanlarının sayı 45 mini keçib.

Milli.Az autograph.az-a istinadən bildirir ki, Mercedes-Maybach S-Class modeli standart sedandan kuzovun uzunluğu və qapı girişləri ilə seçilsə də, dəbdəbəli Mercedes-Maybach GLS krossoveri standart kuzova malikdir. Zahiri xüsusiyyətlərə gəldikdə isə, krossover Maybach modellərinə xas olan radiator barmaqlığı, xrom detalların bolluğu, arxa dayaqda olan emblemləri və 22 yaxud 23 düymlük təkər diskləri ilə seçilir.

Mercedes-Maybach GLS 600 modelini ikirəngli kuzov ilə də sifariş etmək olar. Sifarişçi səkkiz variantdan birini seçə bilər. Daha bir maraqlı element elektrik ötürməsi və işıqlandırması olan çıxan kandarlardır. Onlar qapılar açılandan bir saniyə sonra irəli çıxırlar və 200 kq ağırlığa hesablanıblar. Kandarlar avtomatik və ya əllə idarə edilə bilər. Avtomatik rejimdə qapılar bağlandıqdan iki saniyə sonra kandarlar yığışdırılır. Əllə idarə zamanı isə, sürət həddi 15 km/saata çatdıqda kandarlar yerinə qayıdır. Xüsusi vericilər açıq kandarların mane ilə toqquşmanın qarşısı da alırlar.

Əlbəttə ki, Maybach modelində əsas diqqət salonun arxa hissəsinə yetirilib: üçüncü sıradan tamamilə imtina edilib, ikinci sıra isə adi GLS modeli ilə müqayisədə 120 mm arxaya çəkilib. Standart olaraq, krossover yan bölmələri elektriklə tənzimlənən üçyerli divan ilə təchiz edilir. Oturacağın kürək hissəsini 43,5 dərəcə arxaya qatlamaqla yarıuzanmış vəziyyətə gətirmək olar. Eyni zamanda, oturacaqlar qızdırılma, havalandırma və massaj funksiyasına da malikdirlər. Əlavə ödənişlə iri mərkəzi konsol ilə bölünən iki fərdi oturacağı da sifariş etmək olar. Mərkəzi konsolda qatlanan masalar və soyuducu yerləşir.

Maybach GLS modelinin standart təchizatına arxa qapıların pərdələri, panoram tavan, salonun arxa hissəsi üçün ayrıca kondisioner və salonun 64 rəngdə kontur işıqlandırması daxildir. Oturacaqlar, qapı panelləri və ön panel Nappa dərisi ilə üzləniblər. Buna baxmayaraq, daha bahalı tərtibatı da sifariş etmək mümkündür. Baqaj bölməsi salondan hərəkət etməyən üfüqi rəf ilə ayrılmışdir ki, bu da salondakı səs səviyyəsini azaldır, kuzovun sərtliyinə və vibrasiya səviyyəsinə müsbət təsir göstərir. Baqaj bölümünün həcmi 520 litrdir.

İndeksindəki rəqəmlərə baxsaq Mercedes-Maybach S 600 modeli V12 mühərrikinə sahib olmalıdır. Lakin, krossover Mercedes-Benz GLS 580 modelinin də sahib olduğu 4,0-litrlik V8 biturbomühərriki ilə təchiz edilir. Mühərrikin gücü 489-dan 558 at qüvvəsinə, fırlanma anı isə 700-dən 730 Nm qədər artırılıb. Əlavə olaraq 22 at qüvvəsi və 250 Nm hasil edən EQ Boost sistemi də mövcuddur.

Adi GLS modeli kimi yeni Maybach krossoveri  də Airmatic prevmatik asqı sistemi ilə təchiz edilir. Opsional olaraq, E-Active Body aktiv hidropnevmatik asqı sistemi də təklif edilir. Startyor-generator kimi 48-voltluq şəbəkədən qidalanan asqı sistemi hər bir təkəri fərdi şəkildə idarə edə bilər. Bundan başqa, krossover ayrıca Maybach rejiminə də malik olub. Bu rejimdə mühərrikin və asqının tənzimləmələri maksimum rahatlığa köklənir. Mercedes-Maybach S 600 modeli 100 km/saat həddinə 4,9 saniyəyə sürətlənir və 250 km/saatlıq maksimal sürət həddinə malikdir.

Mercedes-Maybach modelinin satışlarına 2020-ci ilin ikinci yarısında başlanacaqdır. Dəbdəbəli krossover ABŞ-dakı adi Mercedes-Benz GLS modelinin istehsal edildiyi zavodda buraxılacaqdır və amerikan istehsalı olan ən bahalı seriya avtomobili olacaqdır. İlkin məlumata görə, krossoverin qiyməti 200 min doillardan başlayacaqdır.

Milli.Az