Faydaları, adı qədər zəngin nemət
20 Noyabr 2011 17:49
Söhbət əsnasında boranı yetişdirməklə məşğul olduğunu dedi və sözarası mənə ciddi tərzdə: "Səncə, mənim neçə yaşım olar?"- sualını verdi. Onu ani süzəndən sonra: "60" -deyə cavab verdim. Amma kişinin narazı təbəssümündən anladım ki, yanılmışam. Çox gümrah görünürdü, hisslərim 60-dan çox rəqəm demirdi. "Mənim düz 82 yaşım var, belə gümrah qalmağımın səbəbi də boranıdır", - deyə məni tapmaca tapmaqdan xilas elədi.
Həm əkir, həm də qazanır...
"Zaman Azərbaycan" yazır ki, 82 yaşı Ağavəli Həsənovu Aran bölgəsində yaxşı tanıyırlar. Sovet dövründə Rusiya və Azərbaycanın aqrar sənaye kompleksinin müxtəlif sahələrində rəhbər vəzifələrdə çalışıb, indi Saatlı şəhərində yaşayır. Özü demişkən, "indi azadəlikdir", yaşla bağlı təqaüdə çıxıb, uşaqlarının hərəsi bir tərəfə gedib, özü isə xalası oğlu ilə birləşərək boranı təsərrüfatı ilə məşğul olur. Saatlı tarixən taxılçılıq, tərəvəzçilik rayonu olub, bəs niyə boranı? Bu suala iki arqumentlə cavab verdi: "Aqrotexnikası asandır, yaxşı pula gedir və cana faydası var. Vəssalam. Ömrümün 82-ci payızını yaşayıram, amma fiziki və ruhən özümü xeyli cavan hiss edirəm. Gözümü açandan, boranı görmüşəm, rəhmətlik anam bizi bu bitki ilə saxlayıb. Əkib həm yemişik, həm də satmışıq. İkinci Dünya müharibəsində anam bizi boranı ilə aclıqdan xilas elədi. Bizim tarixi məişət ənənəsinə görə, boranını çiy, su və yağda bişirilmiş, qurudulmuş, eləcə də sulu və quru yeməklərdə əlavə kimi istifadə edirik. Təbii ki, ən məşhuru boranılı plovdur. Hazırda boranı mənim gündəlik qəbul etdiyim qidalardandır, müsbət təsirinidə ki, görürsünüz, lap cavan oğlan kimiyəm", - deyir müsahibim.
Ağavəli kişinin boranı becərməsi və bu işin təbliği təcrübəsi bütün rayonda məşhurdur. Onun evində də olduq. Evinin zirzəmisində, həyətində 50 tona qədər boranı vardı. İyulun sonlarında sahədən məhsulu yığaraq evində toplayır və növbəti ilin mart ayına qədər yavaş-yavaş satır. Deyir ki, bu il kilosu 40 qəpikdir, əsasən paytaxt bazarlarına aparırlar. Qarajında saxladığı "Mersedes" markalı maşını göstərib dedi: "Gördüyün bu maşını ötənilki boranının puluna almışam. Bir hektardan 100 tona yaxın məhsul götürürük, hər hektarın məhsulundan 20 min manata yaxın pul qazanmaq mümkündür. Amma respublikada boranı emalı sahələri qurulsaydı, bu sahədən daha çox qazanc əldə etmək olardı. Bu gün bazarlarda boranı mürəbbəsi əl-əl axtarılır, cemi, soku da yaxşı qiymətə satıla bilər". Söhbət zamanı gələnilki planlarından da danışdı. Boranı yaxşı pula getdiyi üçün gələn il əkin sahəsini genişləndirəcək, məqsədi əldə edəcəyi qazancla ona təsərrüfat işində dəsdək verən xalası oğlunun bəzi maddi problemlərini həll etmək istəyir.
Tanımadığımız şəfa qaynağı
Gəlin etiraf edək ki, boranı haqqında əsaslı məlumatlara malik deyilik. Bu bitkinin adı gələndə, nədənsə, çoxları təbəssüm edib, keçməklə kifayətlənir. Amma aparılmış araşdırmalar onun əsl şəfa mənbəyi olduğunu göstərir.
Qabaq, balqabaq, kudu, boranı.. Yazılı ədəbiyyatda bu adlarla tanınır. Əhali arasında daha çox sonuncu adla tanındığı üçün biz də yazımızda bu varianta üstünlük verdik. Elmə məlum olan bitkilər arasında yeganədir ki, bir neçə adla kitablara düşüb.
Boranı hələ 6 min il əvvəl Cənubi Amerikanın yerli əhalisi olan inklər tərəfindən əkilib-becərilirmiş. Bunu həmin ərazilərdə aparılmış arxeoloji qazıntılar sübut edib. Deyirlər ki, boranını Antarktida qitəsindən başqa, dünyanın istənilən yerində yetişdirmək mümkündür. Ətraf iqlim amillərinə qarşı dözümlüdür, xüsusi qayğı tələb etmir. Odur ki, hazırda dünya təsərrüfatlarında 700-ə qədər növü yetişdirilir. İqlim şərtləri və təsərrüfat ənənələrinə görə, Azərbaycanda Ukrayna, Bıkov, Biryuçekut, Başkir, Çərkəz, Altay, Palov-Kadu-268, Perexvatka-69 kimi növləri geniş yayılıb. Boranıdan xalq təsərrüfatının müxtəlif sahələrində geniş istifadə olunur. Yeyinti sənayesində boranıdan mürəbbə, cem, şirələr, maronad çeşidləri, vitamin preparatları hazırlanır. Tərkibində sellüloza, azotlu maddə, yağ, vitaminlər qrupu var. Qabıq hissəsində sellülozanın miqdarı 3,3%-dir. Yetişmiş qabaqda şəkərin miqdarı orta hesabla 8%-dir. Vitaminlərdən 5-8 mq% C, 12 mq%-ə qədər karotin olur, toxumunun tərkibində 40% yağ, 28% zülal var.
Ümumi çəkisinin 75%-ni yeməli hissə təşkil edir. İnsan sağlamlığı üçün çox xeyri var. İbn Sina "Tibbinamə" əsərində bu bitkini xərçəng xəstəliyinə qarşı ən təsirli vasitə kimi irəli sürüb. Qaraciyərin fəaliyyətini bərpa edir, onu qoruyur, sağlamlıq üçün yumşaldıcı, sidikqovucu və tərqovucu xassəyə malikdir, susuzluğu aradan qaldırır, bişmiş boranı qızdırma və öskürəyə yaxşı təsir göstərir. Boranı mürəbbəsi beyin fəaliyyətini qüvvətləndirir, tumu yuxusuzluq hallarında yaxşı təsir göstərir. Tərkibindəki karotin vitamini dərini təzələyir, immunitet sistemini gücləndirir, narıncı rəngli boranı dəmir, kalium, natrium, fosfor, kalsium və maqneziumla zəngindir. Uşaqlarda sümüklərin möhkəmlənməsi və qanazlığının aradan qaldırılması üçün boranı əvəzolunmaz nemətdir. Görmə qabiliyyətini artırır, tərkibi az kalorili şəkərdən ibarət olduğu üçün diabetli xəstələrə məsləhət görülür. Müasir mətbəxdə boranıdan müxtəlif tərkibli şorbalar, şirniyyatlar, tort, keks, pudinq və cemlər hazırlanır. Əksər xalqların mətbəxində boranı mühüm yer tutur: məsələn, italiyanlar boranı güllərini ədviyyatlı ətlə dolduraraq soyuq yemək çeşidi hazırlayırlar, avstriyalılar boranı qəhvəsini çox sevirlər, Meksikada onu düyü, istiotla qarışdırıb dadlı yemək hazırlayırlar. Hindistan mətbəxində boranıdan halvaların hazırlanması geniş yayılıb.
Təəssüf ki, bu nemətin Azərbaycan mətbəxində necə yer tutması haqqında ağızdolusu danışa bilmirik. Ya qızartma kimi yeyilir, ya da boranıdan bir neçə çeşiddə plovlar dəmlənir, vəssalam. Ümumiyyətlə, əcnəbilər bizə nisbətən boranıya isti münasibətləri ilə fərqlənirlər. Hazırda bəzi ölkələrdə boranın 500 kq-a çatan növünü yetişdirirlər, qədim Yunanıstan və Romada boranıdan su və ya şərab saxlamaq üçün qab kimi istifadə edilməsi ənənəsi hələ də yaşadılır. Hollandiyada oktyabrın sonlarında dövlət səviyyəsində məzəli boranı yürüşləri keçirilir. Ənənəyə görə, yürüş günü məşhur nağıl qəhrəmanlarının kostyumlarını geyinmiş insanlar öz yetişdirdikləri boranıları küçələrə çıxarıb nümayiş etdirirlər, təbliğ etmək üçün.
Boranı zahiri görkəm baxımından maraqlı "bədən cizgilərinə" malik olduğu üçün bütün dövrlərdə şifahi xalq ədəbiyyatının maraq dairəsində olub. Kulinariyada boranı üzərində müxtəlif oyma işləri görülərək müştərilərə nümayiş olunur. Yəqin, çoxlarının uşaqlıq xatirələrində Cannı Rodarinin "Çippolino" nağılındakı boranı qəhrəmanı, Şarl Pyerronun "Zoluşka" nağılındakı boranıdan hazırlanmış sehrli fayton hələ də yaşayır.
..qiyməti də cibə uyğundur...
Yeganə məhsullardan biridir ki, nadir hallarda qiyməti qalxır, buna görə hər kəsin cibinə uyğundur. Yazını hazırlayarkən paytaxtdakı iki bazara baş çəkib, qiymətləri ilə maraqlandıq. Boranı satanlar onun qiymətini deməkdən əvvəl faydalarını sadalamağı üstün tuturlar. Bazarda hər alıcıya çox böyük həvəslə məhsulun xeyrindən danışdığını gördük. Keşlə bazarında Sabirabaddan gətirdiyi məhsulu satan Təhmiraz Hüseynov dedi ki, boranı yeganə məhsuldur ki, il ərzində bazarlarda mövqeyini əldən vermir, qonşu ölkələrdən boranı gətirilmir. Demək olar ki, hər il bol olur, odur ki, qiyməti il ərzində ciddi qalxmır. Hazırda qiyməti 60-70 qəpikdir, satıcı dedi ki, "qışda qalxsa-qalxsa 1 manat ola bilər, çox qalxmaz".
Təsərrüfat əhəmiyyəti
Məşhur bir xalq nağılımızda deyilir ki, "divin canı şüşədəki göyərçindədir", boranı haqqında isə deyirlər ki, günəşin yandırıcı enerjisi onun əsas həyat mənbəyidir. İsti olmasa yetişməsi mümkün deyil. Payız-qış fəslində orqanizmin vitamin təminatı üçün boranı əvəzolunmazdır.
Hamı bilir ki, boranı respublikamızın cənub bölgəsinin ənənəvi təsərrüfat sahəsidir. Bu bölgədə demək olar ki, hamı boranı əkir. Bunu nəzərə alan ixtisasca aqronom, Masallı Regional Məsləhət Mərkəzinin özəl məsləhətçisi Əfsər Həsənov xüsusi kitab hazırlayaraq bölgədə boranının əkilməsi, yeni çeşidlərinin yayılması sahəsində təbliğat aparır. Özəl məsləhətçinin bu bitkinin təsərrüfat əhəmiyyəti haqqında fikirləri: "Qədim zamanlardan yetişdirilən tərəvəz bitkisidir, balqabaq adlandırılması, görünür, qədim zamanlarda qabağın xüsusi növündən qab hazırlanması ilə əlaqədardır. Boranı dağlarda payızda, boran və soyuqlar düşəndə yığılan iri meyvəli qabağa deyilir. Boğmalı meyvəsi və şirin ləti olan qabaq növü balqabaq adlanır. Bizim ölkənin iqlimi onu bütün regionlarda yetişdirməyə imkan verir. Soyuğa çox davamlı olmaqla, öz dad keyfiyyətlərini 10 ay ərzində saxlayır.
Sortlarının əksəriyyəti orta və gecyetişəndir. Bu növün formaları ən iri meyvələrə, 70 kq və yuxarı çəkiyə malikdir. Bəzi sortları məhsul yığımından dərhal sonra süfrə məqsədləri üçün, digərləri nişasta şəkərə çevrilən zaman saxlanma müddəti müəyyən edildikdən sonra süfrə məqsədlərindən ötrü məsləhət görülə bilər. İrimeyvəli boranıdan məhsul yığımından dərhal sonra hazırlanmış xörəklər yumşaq "kartof" konsistensiyasına malik olur ki, bu da çox vaxt insanların xoşuna gəlmir. Amma saxlanma zamanı yayda toplanmış nişasta şəkərə çevrilir, şirinləşir. Adətən noyabr-dekabr aylarında şəkərin miqdarı maksimuma qalxır. Lazım gələrsə, daha yaxşı yetişdirməkdən ötrü bir ay anbarda saxlamaq olar, lakin həddindən artıq saxlamaq olmaz, əks təqdirdə çəyirdəklər daxildə cücərir".
Boranı xalq məişətində
Ə.Həsənov hazırda yaşının ahıl çağını yaşayır. Boranı haqqında yazdığı araşdırmada onun faydaları haqqında xalq arasında danışılan söz-söhbətləri, loğmanlardan eşitidiyi fikirləri də topalyıb: "Boranıdan A provitamini alınır. Onun toxumlarından qarın qurdlarına qarşı dərman kimi istifadə olunur. Bunun üçün 50-100 q toxumun ləpəsini birdən, yaxud 1-2 saat ərzində yemək kifayətdir. Meyvələrində fitonsidlər var, ona görə şirin qabağın lət hissəsindən 50-100 q çiy halda yemək faydalıdır. Qabağın lət hissəsindən kəsib irinli yaraların da üstünə qoyurlar. Zərif lət hissəsi orqanizm tərəfindən asan mənimsənilir.
Onun hüceyrə şirəsi neytral reaksiyaya malik olduğundan, mədə yarasının sağalmasına kömək edir. Balqabaq tərkibində çoxlu miqdarda karotinoidlərin sarı, yaxud narıncı rəngli təbii piqmentlərin olması ilə fərqlənir. Bunlara boranıdan başqa, yerkökündə, ispanaqda, kələmdə rast gəlinir. İnsan orqanizmində qida ilə daxil olan karotinoidlərdən A vitamini əmələ gəlir. Balqabaq həmçinin qanın əmələ gəlməsində mühüm rol oynayan folium turşusu ilə zəngindir. Mineral maddələrdən boranıda xüsusən kalium duzları çoxdur. Orqanizmə düşən zəhərləri və digər zərərli birləşmələri udmaq qabiliyyətinə malik olan pektinlərlə zəngindir. Tərkibində çoxlu miqdarda pektin maddələrinin olması meyvə pürelərini qatılaşdırır. Ona görə də meyvə povidlosuna 25%-ə qədər boranı ləti əlavə edirlər. XVI əsrdə əllərin dərisini ağartmaq üçün onları boranı ləti ilə yumaq məsləhət görülürdü. Bir çox kremlərin və mazların tərkibinə balqabaq şirəsi-ekstraktı qatılır".
Milli.Az