"Oxşar qollar vurduq" - Ayxan Abbasov

22 Noyabr 2019 23:29

"Şəhərimizin 70 illik yubileyi idi. Ona görə də qələbə hədiyyə edə bildik. Rəqib güclü olsa da, qalib gəldik".

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının 12-ci turunda "Qarabağ"ı 2:1 hesabı ilə məğlub etdikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.

38 yaşlı mütəxəssis bildirib ki, fasilədə futbolçulara onlardakı istəyi gördüyünü söyləyib: "Biz təkcə bu günü düşünmürük. Gələcəkdə daha çətin olacaq. Fiziki cəhətdən Premyer Liqa klublarının bütün komandaları eyni səviyyədədir. Əsas psixoloji hazırlıqdır. İndi geri düşsək də, sona qədər mübarizə aparırlar. Bu da bizi sevindirir. İlk yarıda bizdə aqressiya çatışmırdı. Rəqib topa sahib olmağı sevən komandadır. Bunu nəzər almışdıq. İkinci yarıda taktiki dəyişiklik etdik və oxşar qollar vurduq. Peyman Babayidə perspektiv görüb dəvət etmişik. Bura gələndən çox dəyişib. Bu gün 5 qolla bombardirlər sırasında olması bizi sevindirir".

Milli.Az