Gürcü arzusu meydanda döyüldü. Tbilisi seçkidə əriyir

21 Noyabr 2019 13:03

Gürcüstanın paytaxtı Tbilisidə günlərdir davam edən mitinq və etiraz aksiyaları səngimək bilmir. Ölkə parlamentinin binasının qarşısına toplaşanlar hökumətin istefasını və proporsional sistem üzrə vaxtından əvvəl seçkilərin keçirilməsini istəyirlər.

Gürcüstan müxalifətindəki bütün partiyalar iqtidara qarşı birləşdiklərini, "Gürcü arzusu" Partiyasının lideri, oliqarx Bidzina İvanişvilinin gerçəkləşdirdiyi idarəetmə sisteminə qarşı çıxdıqlarını deyirlər.

Əslində, müxalifət hələ yayda, iyunda etirazlara başlamışdı. İvanişvili də yaydakı mitinq dalğasını səngitmək üçün vəd etmişdi ki, 2020-ci ildə parlament seçkiləri poroporsional sistemlə keçiriləcək, bununla bağlı ölkə Konstitusiyasına zəruri dəyişikliklər ediləcək.

Fəqət, İvanişvilinin "Gürcü arzusu" Partiyasından olan və majoritar dairələrdən seçilən deputatlar müvafiq qanun layihəsinə qarşı çıxdılar.

Proporsional sistemə keçid tələbini çox sadə izah edək. Gürcü müxalifətinin istəyi parlament seçkilərinin bütünlüklə proporsional sistem üzrə keçirilməsidir. Belədə ali qanunverici orqana keçid barajı 0-a enir, qeydiyyata alınmış bütün partiyalara və seçki bloklarına bərabər şanslar yaranır.

Ölkənin majoritar və proporsinal sistemdən ibarət seçki mexanizminin, sadəcə, proporsional sistemə keçidini nəzərdə tutan layihə parlamentdə qəbul olunmadı.

Noyabrın 14-də Tbilisidə parlament binasın qarşısındakı mitinqdə səslənən ilk şüarlar parlamentin spikeri İrakli Kobaxidze ilə DİN başçısı Georgi Qaxariyanın istefaları, habelə proporsional seçki sisteminə keçid idi.

Gürcüstan prezidenti Salome Zurabişvili isə İ.Kobaxidzeni istefaya göndərsə də, G.Qaxariyanı baş nazir təyin etdi.

Proporsinal seçki sisteminə keçid tələbini reallaşdırmaq isə əsla asan deyil, çünki Gürcüstan parlamentində onlarla deputat yenidən seçilmək istəyirlər. Məhz bu səbəbdən 150 yerlik gürcü parlamentində bəhs etdiyimiz qanun layihəsinin lehinə 101 deputat səs verdi, halbuki yetərsay üçün 113 səs gərəkdi.

"Gürcü arzusu"ndan olan və majoritar dairələrdən seçilən deputatlar layihəyə qarşı çıxdılar. Halbuki iqtidarda olan "Gürcü yolu" Partiyasından olan deputatların çoxu müxalifətçi həmkarlarının tələblərini dəstəkləmişdilər.

B.İvanişvili rəhbərlik etdiyi partiyanın mənsubu olan deputatları dilə tutsa da, onlar fikirlərindən dönmədilər.

Gürcü müxalifətçilərsə deyirlər ki, bu, əsl tamaşa idi: İvanişvili özü göstəriş verdiyi deputatları guya "dilə tutmaq"la prosesdən kənar olduğunu göstərməyə çalışıb.

Halbuki 2020-ci ilin oktyabrın 31-də keçiriləcək parlament seçkilərində "Gürcü arzusu" uduzarsa, İvanişvili hakimiyyət resurslarını itirəcək.

Üstəlik, postsovet məkanında Moldova, Qırğızıstan və Ukraynanın təcrübəsi göstərir ki, proporsional sistem əsasında seçilən deputatlardan ibarət fraksiyalardan qurulan postseçki konstrukasiyaları əsla etibarlı və dayanıqlı deyil.

Gürcüstanın sabiq prezidenti, müxalifətdəki "Vahid Milli Hərəkat" Partiyasının lideri, Ukraynada yaşayan Mixeil Saakaşvili yaşananlara dərhal reaksiya verib.

O, Facebook səhifəsində yazmışdı: "Bidzina İvanişvili növbəti dəfə xalqı aldatdı və hakimiyyəti əlində cəmlədi. Tam səfərbər olmalıyıq. Yaşananlar bu şəxsə qarşı mübarizənin bütün vasitələrini artıq doğruldur".

"Avropa Gürcüstanı" Partiyasının lideri Qiqi Uqulava daha sərt bəyanat verib: "Gürcü xalqı oliqarx İvanişvilini ölkədən qovmalıdır".

Gürcüstandakı müxalifət partiyaları milyarder B.İvanişvilini ölkə siyasətini tərk etməsini, daha sonra da parlament seçkilərinin keçirilməsini tələb edir.

B.İvanişvili Konstitusiya islahatlarının baş tutmasında M.Saakaşvilinin tərəfdarlarını suçlayıb: "Onlar parlamentdəki iclas zamanı majoritar qayda ilə seçilmiş deputatları qəsdən təhqir etdilər. Deputatların da səbr kasası daşdı, layihəyə qarşı çıxdılar".

Tbilisidə müxalifət indi "Hamı minus bir nəfər: Bidzina getməlidir!" şüarı ilə parlamentin binası qarşısında Şota Rustavelli prospektində aksiyaları davam etdirir.

Son rəy sorğularının nəticələrinə görə, Gürcüstanda respondentlərin 68 faizi proporsional sistemi dəstəkləyir, 37 faiz isə kimə səs verəcəklərini hələ müəyyənləşdirməyiblər.

Buna rəğmən, respondentlərin 23 faizi "Gürcü arzusu"nu, 15 faizi "Vahid Milli Hərəkat"ı, 5 faizi isə "Avropa Gürcüstanı - Azad demokratlar"ı dəstəkləyir. Yerdə qalan partiyalar 4 faizdən artıq səs toplaya bilməyiblər.

Müxalifət aksiyalar keçirsə də, seçkilərdə belə vəhdət olmayacaq.

Bundan başqa, proporsional sistem "çömçəquyruqlar partiyası" fenomeni yaradacaq, yəni xalq populyar liderə səs verəcək, onun arxasınca parlamentə az tanınan adamlar keçəcəklər. Majoritar sistem isə "rus ruleti" kimidir: bir nəfər qalib gəlir, yerdə qalan bütün səslər itir.

Etiraz aksiyası avrointeqrasiya tərəfdarları ilə millətçiləri, Gürcüstanın ABŞ-a yaxınlaşmasının tərəfdarları ilə Rusiya ilə normal əlaqələrin bərpasını istəyənləri birləşdirib. Siyasi rəqibləri və düşmənləri bir məqam: "Gürcü arzusu"na qarşı kəskin antipatiya bir araya gətirib.

Əslində, Tbilisidəki aksiyaların sıravi iştirakçılarının tam əksəriyyəti majoritar və proporsional seçki sistemləri arasındakı fərqləri, onların üstünlüklərini bilmirlər.

Bu adamları başqa problemlər narahat edir.

Problemlərin ən başlıcası üç il əvvəl parlament seçkilərinldə qalib gəlməklə yanaşı, parlamentdə konstitusion çoxluğa yiyələnmiş "Gürcü arzusu" ilə bağlı gözləntilərin doğrulmamasıdır.

NATO və Avropa Birliyi ilə əlaqələrin daha da artacağını, Gürcüstanın az qala bu strukturlara üzv qəbul olunacağını deyən "Gürcü arzusu" bəhs olunan sahələrdə bir qarış da irəli gedə bilməyib.

Rusiya ilə münasibətlərin yaxşılaşdırılması ilə bağlı vədlər də puçdur: tam əksinə, Tbilisi ilə Moskva arasındakı "münasibətsizlik" daha da tündləşib.

Bidzina İvanişvili gedərsə, Gürcüstanın xaotik, daim içində didişən müxalifəti bu problemləri həll edə biləcəkmi? Ritorik sualdır.

Hakimiyyətə opponentlik edənlər arasında birlikdən əsər-əlamət yoxdur. İvanişviliyə qarşı çıxan müxtəlif siyasətçilər, partiyalar və hərəkatlar hətta ayrı-ayrılıqda mitinq etmək istəyirlər.

Gerçəkdən də, Nino Burcanadzenin "Vahid Gürcüstan-Demokratik Hərəkat" Partiyasının tərəfdarlarını,"milliyətçilər"i, liberalları, Avropa Birliyi aşiqlərini, "Vətənpərvərlər Alyansı"nı və s.-nin vahid xarici siyasət xəttini təsəvvür etmək belə, çox çətindir.

Bəli, onların hamısı Abxaziya və Cənubi Osetiyada separtizmə son qoyulmasının, bu ərazilərdə Tbilisinin mərkəzi hakimiyyətinin bərpasının tərəfdarlarıdır. Bəs sonra? Aktivdə heç nə yoxdur.

Gürcüstan müxalifətinin problemləri sistem səciyyəlidir. Onları çözmək üçün nə səs-küylü şüarçılıq, nə Tbilisidəki aksiyalarının məğzini təşkil edən siyasi teatrallıq yetərli deyil.

Bidzina İvanişvilinin uzun müddətdən bəri ölkənin siyasi arenasında dominion rolunu oynamaqdan yorğunluq və qıcıq isə günbəgün artır.

İndiki aksiyalar heç bir konkret nəticə verməsə də, cəmiyyətin dəyişikliklərə və islahatlara yönəlmiş sosial sifarişi çox güclüdür.

Elçin Alıoğlu
Milli.Az