27 ildir fəaliyyət göstərən Rabitəbank "rebranding" edib.
Milli.Az xəbər verir ki, bankın loqosu, rəngləri, şüarı, ofis dizaynı yenilənməklə yanaşı, həmçinin yeni məhsullar da təqdim olunub.
Əvvəllər göy rəngdən istifadə olunan loqonun rəngləri yaşılın çalarları ilə əvəzlənib. Loqo "R" və "B" hərflərinin birləşməsini xatırladır. Bundan əlavə, loqo bankın yeni şüarı ilə də uyğunluq təşkil edir.
"Rabitəbank"ın şüarı "Rahat bankçılıq" olaraq dəyişdirilib. Loqoda yaşıl rənglərdən istifadə olunması da həmin rəngin rahatladıcı təsirinin olması ilə bağlıdır.
"İmic dəyişimi prosesi bir müddətdir başlanılıb və 2020-ci ilin sonuna qədər də davam edəcək. Bəzi bölgələrdəki ofislərin interyerinin dəyişməsi 1 ilə yaxın vaxt ala bilər", - idarə heyətinin sədri Elçin Qədimov mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən söyləyib.
Rebrendinq edən Rabitəbankın bu sahədə ən uğurlu addımı bank kartları ilə bağlı olub. Bu addımı Azərbaycanda bank kartları sahəsində "inqilab" da adlandırmaq olar. Çünki yenilənmiş "Kartmane" kartı sayəsində ölkəmizdə bu sahədə bir neçə ilklər yaşanacaq.
"Kartmane" kartının həm kredit, həm də debit olmaqla iki növü var. Yaşıl rəngdə olan kartın qara rəngdə olan premium versiyası da mövcuddur.
Bu kart vasitəsi ilə Azərbaycanda ilk dəfə olaraq müştərilərə aşağıdakı fürsətlər verilir:
- Ölkədə və dünyanın istənilən nöqtəsində bütün yanacaq doldurma məntəqələrində 10-faizədək "cashback" (xərclənən məbləğin 10-faizinədək geri qaytarılması)
- Ökədə və dünyanın istənilən nöqtəsində bütün kafe və restoranlarda 5 faiz "cashabk"
- Kartdakı debit qalığına 6 faizlik artım
- Manat kartı ilə xaricdə ödəniş edərkən faizssiz konvertasiya komissiyası
"Hazırda 15 minə yaxın aktiv "Kartmane" istifadəçimiz var. Bu istifadəçilərin gələn ilin sonunadək 50 minə qədər artacağını hədəfləyirik", - baş direktor Ziya Nuriyev bildirib.
Həmçinin bank müştərilərinə rəqəmsal plaformalar üzərindən rahat xidmətlərini də təqdim edib. Bunlara "Rabitəbank"ın yeni mobil tətbiqi, maliyyə tranzaksiyalarını həyata keçirən Rabitabot və hüquqi şəxslər üçün Internet bankinq və yenilənmiş korporativ veb-sayt daxildir.
Təqdim olunan "Rabitabankbot" xidməti müştərilər pul göndərmək, istəmək, hesabı bölmək, kredit və yaxud kart sifariş etmək, kommunal və mobil ödənişlərlə yanaşı, cərimələrini də ödəmək imkanı verir.
Müştəri dostu ilə yazışma əsnasında söhbət pəncərəsindən ayrılmadan, hər hansı kart nörməsi daxil etmədən, sadəcə, @RabitabankBot yazıb, bir neçə saniyəyə qarşı tərəfin hesabına pul köçürə bilərlər.
Qeyd edək ki, 1993-cü ildən fəaliyyət göstərən Rabitəbank Azərbaycanın 16 regionunda fəaliyyət göstərir. Bankın Bakı şəhərində 25 filialı, 68 ATM-i var.
FOTO: Rüstəm Fərman
Bəxtiyar Umarlı
Milli.Az